23 Dekabr 2017 13:33
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dəmirbank”ın bağlanması gözlənilən qərardır.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, artıq xeyili müddətdir bu bank hətta kiçik məbləğli əmanətləri belə qaytara bilmirdi: “Ötən həftə “axsayan bank”lardan yazanda bildirmişdim ki, öz funksiyalarını yerinə yetirə bilməyən banklar var və onların sağlamlaşdırılması lazımdır.

Belə bankların sağlamlaşdırılması ilə bağlı xüsusi dövlət proqramının hazırlanmasını təklif etmişik. Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə hələlik real addımlar atmayıb.

Daha bir bankın müflis elan edilməsi bank sektoruna inamın azalması kimi mənfi təsirlərlə yanaşı, bankların konsolidasiyasının, demək olar, mümkün olmadığından xəbər verir. Halbuki konsolidasiya prosesi dəstəklənməli, eləcə də sağlamlaşdırılma tədbiri hesabına bank sektoruna inam bərpa olunmalıdır”.

Ekspert əlavə edib ki, müflis olan bankların sayı artdıqca, qorunmayan əmanətlərin qaytarılması şansları da azalır: “Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlərin ödənməsinə məsuldur. Fondun məlumatına görə, əvvəl müflis elan edilən 11 bank üzrə 747 milyon 938 min manat kompensasiya ödənilib. Bu, yaxşıdır. Amma qorunmayan əmanətlərin taleyi necə olacaq?

Müflis olan bank onu qaytarmaq öhdəliyi götürüb və həmin puldan istifadə edərək gəlir əldə edib. Müflis olunduqdan sonra isə qorunmayan əmanət sahibinə qaytarılmır. Deməli, həmin əmanətlərin də qaytarılması mexanizmi işlənilməli və ən əsası, bankların öhdəlikləri ilə aktivlərinin korrelyasiyası müəyyənləşdirilməlidir.

Bütövlükdə isə son addım bir daha göstərir ki, bank sektorunda ciddi islahatlara, eləcə də sağlamlaşdırma tədbirlərinə ehtiyac var”.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər