4 Avqust 2014 13:15
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asim Mollazadə: “Türkiyə baş nazirinin zəng etməməsi təəccüb doğurardı”

Fəzail Ağamalı: “Türkiyə dövləti Azərbaycanın yanında olduğunu bir daha nümayiş etdirdi”

“Cəbhədəki son hadisələrlə bağlı həm Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsi, həm də xarici işlər naziri Əhməd Davudoğlunun narahatlığını ifadə etməsi öz-özlüyündə Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu nümayiş etdirir.

Azərbaycanın təhlükəsizliyinin, Azərbaycanda gedən bütün proseslərin Türkiyəyə bilavasitə aidiyyatı var və Türkiyənin narahatlığını doğurur”.

Bunu Teleqraf.com-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Asim Mollazadə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın cəbhədəki son hadisələrlə bağlı Azərbaycan prezidentinə zəng etməsinə münasibət bildirərkən deyib.

Partiya sədri bildirib ki, bu zəngin edilməsi təbiidir: ““Bir millət, iki dövlət” modeli işləməlidir. Biz bu zənglə həmin modelin işlək olmasının bir daha əyani nümayişini gördük. Əgər belə bir zəng olmasaydı, bu təəccüb doğura bilərdi”.

Sözügedən qrupun digər üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə bildirib ki, Ermənistan silahlı qüvvələrinin son vaxtlar törətmiş olduqları təxribatlar və atəşkəs rejimini sistemli, mütəmadi şəkildə pozması, bütün cəbhə boyu Azərbaycana qarşı hücumlarının ardıcıl xarakter daşıması və vermiş olduğumuz itkilər əlbəttə, qardaş Türkiyəni narahat etməyə bilməz:

“Çünki hər zaman Türkiyə ilə Azərbaycan arasında özünü ifadə edən yüksək səviyyəli dostluq və qardaşlıq münasibətləri son hadisələrdə də özünü ifadə etdi. Türkiyə baş nazirinin Azərbaycan prezidentinə telefon açması və baş vermiş hadisələrlə bağlı dərin narahatlıq keçirməsi, şəhidlərimizin ruhuna dualar oxuması və Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsinin vacibliyinin bir daha önə çəkilməsi göstərir ki, Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcuddur və bu, əbədi xarakter daşıyır. Mən tamamilə inanıram və əminəm ki, əgər Ermənistanın təcavüzkarlığı yenidən alovlanarsa və Ermənistan öz militarist siyasətini həyata keçirməyə çalışıb Azərbaycan torpaqlarını işğal etməyə çalışsa və ya hərbi müdaxilə nəticəsində Azərbaycana qarşı yeni təcavüzün başlanğıcını qoysa, əlbəttə Azərbaycan Ermənistana çox ağır və sarsıdıcı zərbələr vurmaq imkanındadır. Buna qətiyyən şübhə yoxdur. Azərbaycanla bərabər Türkiyə də bizim yanımızda olacaq. Buna da mənim qətiyyən şübhəm yoxdur. İndi artıq 90-cı illərin əvvəlləri deyil. Artıq Azərbaycan inkişaf etmiş, güclü dövlətdir”.

F.Ağamalı Azərbaycanla Türkiyə arasında çox ciddi xarakter daşıyan əməkdaşlığın mövcud olduğunu vurğulayıb:

“Bu əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycanla Türkiyə arasında sənədlərdə, sazişlərdə təsbit olunmuş yüksək münasibətlər mövcuddur və bütün sahələrdə olduğu kimi Türkiyə də məhz Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş olan ağır zərbələri öz üzərində hiss edir. Təsadüfi deyil ki, Türkiyə indiyədək Ermənistanla sərhədlərini məhz Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bağlayıb və o torpaqlar işğaldan azad olunmadıqca sərhədləri açmır. Əgər Ermənistan bu təcavüzkarlığını başqa bir formada, daha kəskin, daha artıq şəkildə ortaya qoyarsa, ilk növbədə Azərbaycanın güclü ordusu ilə qarşı-qarşıya dayanmalı olacaq. Ermənistan bunu artıq ona vurulan son zərbələrlə hiss etdi. Eyni zamanda Türkiyə də bizimlə bərabər olacaq. Mənim buna qətiyyən şübhəm yoxdur. Bir daha təkrar etmək istəyirəm ki, indi 90-cı illərin əvvəllərindəki qeyri-müəyyənlik dövrü deyil. İndi artıq Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yeri, hər kəs tərəfindən etiraf olunan gücü var və əlbəttə, Türkiyə də bizə qardaş dövlət olaraq aramızda olan rəsmi strateji əməkdaşlığın məntiqinə söykənərək ən çətin anlarda Azərbaycanın yanında olmağa borcludur və olacaqdır. Türk cəmiyyəti, türk xalqı hər zaman Azərbaycanın yanında olub. İndi Türkiyə dövləti artıq Azərbaycanın yanında olduğunu son hadisələrdə bir daha nümayiş etdirdi”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər