BMT-nin Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəs haqqında razılaşmaya əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb. O, bütün tərəfləri atəşkəs haqqında sazişə hörmət etməyə və gələcəkdə zorakılıqdan çəkinməyə, həmçinin dialoqu davam etdirməyə çağırıb. Baş katib, münaqişə zonasında gərginliyin artması ilə bağlı son günlər öz narahatlığını da bölüşüb.
Bəs görəsən Pan Gi Mun niyə öz bəyanatında işğal edilən Azərbaycan torpaqlarının azad edilməsi üçün BMT-nin qəbul etdiyi 4 qətnamənin Ermənistan tərəfindən əməl edilməsini tələb etmir?
Məsələyə münasibət bildirən politoloq Rasim Ağayev bildirib ki, BMT-nin tarixində bir sıra hadisələr olub. O, misal üçün, İsrailin əleyhinə BMT-də qərar qəbul edilib və həmin ölkənin səfirinin hər kəsin gözünün qarşısında bəyannaməni cırıb tulladığını diqqətə çatdırıb: “Faktiki olaraq, Ermənistan bu yolla gedib. Təəssüflər olsun ki, BMT-nin nizamnaməsində belə hallar olanda hansısa ciddi tədbir görmək nəzərdə tutulmayıb. BMT-də yaxşı bilirlər ki, bütün bu konflikt boyu Ermənistanı ABŞ, Qərbi Avropa, Rusiya dəstəkləyib. Onların da dəstəyi nəticəsində Qarabağ məsələsi indiki vəziyyətə gəlib çıxıb. BMT qəbul etdiyi qərarlarla bağlı bir sıra addımlar ata bilər və buna imkan var. Ancaq hələki Pan Gi Mun müşahidə edir ki, Amerika, Rusiya münaqişədə olan iki tərəfə eyni formada müraciət edirlər və kimisə ittiham eləmirlər. Ona görə də orta səviyyəli bəyannamə qəbul ediblər”.
R.Ağayevin fikrincə, Azərbaycan ABŞ, Avropa və Rusiyaya bildirməlidir ki, onların siyasətləri nəticəsində münaqişə dalana dirənib: “İndi də bunlar bizə ağıl verirlər, belə eləməyin, elə eləyin. Hesab edirəm ki, Azərbaycan öz imkanlarından istifadə edib, beynəlxalq aləmdən lazımi siyasi tələblər əldə edə bilər. Bu isə vaxt tələb edir. 1992-1993-cü ildə BMT-də bizim səfirimiz, nümayəndəmiz yox idi. Amma indi vəziyyət belə deyil. Ona görə də indi dövlətimiz tərəfindən daha çox siyasi təşəbbüskarlıq olmalıdır. BMT-də olan dövlətlər bizim qayğımıza qalmayacaq. Ona görə də biz özümüz hadisləri önləyib, dövlətimizin maraqlarını dünyaya çatdırmalıyıq”.
BƏXTİYAR