Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddənin poçt vasitəsilə qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Teleqraf.com xəbər verir ki, gömrük əməkdaşlarının nəzarətində olan marşrut üzrə Amerika Birləşmiş Ştatlarından Azərbaycan Respublikasına - Bakı şəhərində ailəsi ilə birlikdə yaşayan Amerika vətəndaşı Heather Christine Ulrichin adına invoysda "yuyucu vasitə, əl sabunu, açar qabı, şirniyyat" göstərilən poçt bağlaması daxil olub.
Həmin poçt bağlamasına Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib. Gömrük nəzarəti zamanı, xidməti it reaksiya verdiyi üçün bağlama saxlanılıb və yükün sahibi hava limanına dəvət olunub.
Daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sözügedən şəxsin iştirakı ilə bağlama təkrar yoxlanılıb. Nəticədə, bağlamanın içində invoysda göstərilən mallardan əlavə Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilən həblər aşkar edilib.
Bunlar - üzərində "Oxycodone-Acetaminophen 10-325" sözləri yazılmış plastik qabda 270 ədəd, üzərində "Hydrocodone-Acetaminophen 7.5-325" sözləri yazılmış plastik qabda 180 ədəd, üzərində "Methylphenidate ER 54 mg tab" sözləri yazılmış plastik qabda 90 ədəd və üzərində "Pjmasks Tangy Candy" sözləri yazılmış iki ədəd polietilen paketdə 10 ədəd həb olub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, üzərində "Oxycodone-Acetaminophen 10-325" markalanma yazısı olan flakondakı 270 ədəd həbin tərkibində ümumilikdə 2,7 qram oksikodon, 87,75 qram asetaminofen; üzərində "Hydrocodone-Acetaminophen 7,5-325" markalanma yazısı flakondakı 180 ədəd həbin tərkibində ümumilikdə 1,35 qram hidrokodon, 87,75 qram asetaminofen; üzərində "Methylphenidate ER 54 mg tab" markalanma yazısı olan flakondakı 90 ədəd həbin tərkibində ümumilikdə 4,86 qram metilfenidat müəyyən edilib.
Oksikodon, hidrokodon preparatları Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına, metilfenidat preparatı Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.