2 İyun 2018 15:30
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çökmə təhlükəsi ilə üzləşmiş Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, körpünün üzərindən nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir. Hələ ki körpüdən insanların fərdi şəkildə istifadəsinə qadağa qoyulmayıb.

Körpüdə hərəkətin dayanması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralında böyük tıxac yaranıb. Minlərlə avtomobil yolda qalıb.

Hazırda Göyçay çayında sel davam edir. Körpünün dağılma təhlükəsi var.

Qeyd edək ki, iyunun 1-də axşam saatlarından başlayaraq Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.

Göyçay şəhəri, eləcə də Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələrinə, meyvə bağlarına zərər yetirib.

Bu gün saat 13:00 radələrində selin təsiri nəticəsində çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü yararsız hala düşüb.

Polis əməkdaşları hadisə yerindədir və insanları ehtiyatlı davranmağı və körpünün üstündə qalmamağı məsləhət görür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər