18 Avqust 2014 16:21
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azay Quliyev: “Bəzi dairələrin məqsədi məsələləri siyasiləşdirərək Azərbaycana qarşı istifadə etməkdir”

“Bu gün “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz Reportyorlar” və digər bu kimi təşkilatlar ayrı-ayrı ölkələrdə insan və vətəndaş hüquqları, söz azadlığı ilə bağlı müəyyən məsələləri araşdıraraq illik hesabatlar tərtib edirlər. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, insan hüquqları məfhumu olduqca geniş anlayışdır və insanların öz mülkiyyətindən istifadə etmək, öz torpaqlarında məskunlaşmaq, təhlükəsiz yaşamaq hüquqları da buraya daxildir. Ona görə də “Amnesty İnternational” kimi təşkilatlar öz hesabatlarında bə məsələyə ciddi diqqət yetirməlidirlər. Amma təəssüflər olsun ki, bu cür halların fonunda biz kifayət qədər ikili standart nümunələrinə rast gəlirik. Məlumdur ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 min soydaşımızın hüquqları pozulduğu halda, “Amnesty İnternational” kimi beynəlxalq qeyri-hökumət təşkilatları daxil olmaqla dövlətlərarası qurumlar da Ermənistana qarşı müvafiq tədbirlər görmürlər. Ən azından, sözügedən təşkilat hər il Azərbaycanla bağlı hazırladığı hesabatlarda bu məsələni ayrıca blok kimi dünya ictimaiyyətinə təqdim etməlidir. Eyni zamanda, işğalçı ölkəyə qarşı müəyyən tədbirlərin görülməsi çağırışları səsləndirilməlidir. Lakin əfsuslar olsun ki, bu, hələ də müşahidə olunmur”.

Bunu Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının Azərbaycanla bağlı hazırladıqları hesabatın mahiyyətini şərh edərkən deyib.

Azay Quliyev deyib ki, beynəlxalq hüquq müdafiə təşkilatlarının bu cür davranış nümayiş etdirməsinin bir sıra səbəbləri var: “Birincisi, “Amnesty İnternational” kimi təşkilatların hesabatları bəzi ölkələrin sifarişi ilə hazırlanır. Belə olan halda, hesabat və bəyanatlar onu sifariş edən ölkələrin maraqlarına uyğun olur. Görünən odur ki, Ermənistanın işğalçı siyasətini davam etdirməsinə, çoxsaylı cinayətlər törətməsinə baxmayaq, bu sifarişləri verən ölkələr hələ də işğalçı Ermənistanın cəzalandırılmasını istəmirlər. İkincisi, görünür, bu hesabatların hazırlanmasını sifariş edən ölkələrə erməni lobbisinin müəyyən təsirləri var. Çünki ola bilməz ki, bütün hesabatlarda “möcüzəvi” bir güc həmişə Ermənistanı müdafiə etsin. Erməni lobbisinin bu cür fəaliyyətinin iki məqsədi var. Bunlardan birincisi, Azərbaycan əleyhinə qara piar xarakterli təbliğatın davamlı olaraq aparılmasına nail olmaq, ölkəmizi mənfi obrazda təqdim etməkdir. Digər məqsəd isə işğalçı Ermənistanın timsalında “sivil”, “beynəlxalq hüquq normalarına əməl edən” ölkə təsviri yaratmaqdır. Təbii ki, bütün bunlar bəhs etdiyimiz təşkilatların, o cümlədən “Amnesty İnternational”ın hesabatlarının nə qədər qərəzli, ədalətsiz və subyektiv olduğunu, ikili standartlara söykəndiyini göstərir”.

Azay Quliyev Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin bu tip bəyanatlarını da tənqid edib: “Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton və qurumun genişlənmə üzrə komissarı Ştefan Fülenin subyektiv xarakterli bəyanatları Azərbaycan ictimaiyyətində təəssüf və narazılıq yaratdı. Əminliklə deyə bilərik ki, onlar bu bəyanatı verərəkən məsələni araşdırmayıblar və qeyri-dəqiq, qərəzli mənbələrə söykəniblər. Özlərinin dəstəklədikləri hər hansı bir QHT-nin qərəzli, reallığı əks etdirməyən məlumatları əsasında hərəkət ediblər. Təəssüflər olsun ki, onlar özlərinin ruporu kimi çıxış edən QHT-lərin qeyri-qanuni əməllərinə qarşı hüquqi tədbirlər görülən zaman bu cür bəyanatlar verirlər. Digər tərəfdən, bu cür nüfuzlu təşkilatların nümayəndələri nəzərə almalıdırlar ki, hər hansı bir ölkənin hüquq mühafizə orqanları konkret ittihamlarla çıxış edir, qanunazidd hallara yol vermiş şəxsləri hüquqi məsuliyyətə cəlb edirlərsə, bu ittihamın bütün aspektləri araşdırılmadan, məhkəmənin müvafiq qərar olmadan onlar prosesə bu cür hüquqi və siyasi qiymət verməməlidirlər. Bu, ən azından, qeyri-peşəkar yanaşmadır. Onlar hüququn aliliyi prinsipindən danışırlar, amma çoxsaylı qanun pozuntularına yol vermiş, adı cinayət əməllərində keçən şəxsləri müdafiə edirlər. Əlbəttə, bu cür hallar yolverilməzdir. Çünki bu, ilk növbədə, qanunun aliliyi prinsipinin heçə sayılmasıdır. Beynəlxalq təşkilatlar qeyri-peşəkar mövqe sərgiləyərək bu cür qərəzli yanaşmalara yol verməməlidirlər. Şübhəsiz, bəzi dairələrin məqsədi hüquqi məsələləri siyasiləşdirərək Azərbaycana qarşı istifadə etməkdir”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər