İraqın şimalında 2014-cü ildə İŞİD üzvləri tərəfindən qaçırılan və üç il sonra qaçaraq Almaniyaya sığınan yezidi qadın onu pulla alan terrorçunu Berlində görüb.
Teleqraf.com xəbər verir ki, Aşvaq Talo adlı qız üzləşdiyi dəhşətləri İngiltərənin "Times" qəzetinin internet saytı olan "bas News"a danışıb.
Talo 2014-cü ildə ailəsilə birlikdə Şenqalda İŞİD tərəfindən qaçırılıb. O zaman 15 yaşı olan qız Mosulda Əbu Humam adlı suriyalı İŞİD üzvünə 100 dollara satılıb.
4 il zorla namaz qılan və hər gün təcavüz olunan qız sonda ölkədən qaça bilib.
Yezidi qadın Əbu Humamın təsadüfən Ştutqartda qarşısına çıxdığını bildirib: "Həmin Humam idi. Saqqallı, qorxulu sifətli Əbu Humam. Məni tanıdı. Almanca mənə "sən Aşvaqsan eləmi" sualını verəndə dilim tutuldu. "Mən Əbu Humamam. Bir müddət mənimlə yaşadın. Həyatda olduğunu, kiminlə yaşadığını və nə iş gördüyünü bilirəm" dedi.
Gənc qadın qaçaraq gördüklərini qardaşına, polisə və miqrasiya idarəsinə danışıb. Polis küçə kameraları vasitəsilə Humamın kimliyini təsbit etsə də, ona miqrant statusu verildiyi üçün heç bir addım ata bilməyəcəklərini qeyd edib.
Talo daha sonra Almaniyadan ayrılaraq İraq Kürd Muxtariyyətində yaşayan babasına sığınıb. Gənc qız heç vaxt Almaniyaya dönməyəcəyini bildirib.