Şabran rayobnunda qida zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 3-də Şabran şəhər sakinləri Rövşən Qasımov, Qəşəm Məmmədov, Fəyyaz Qasımov və Mehman Dünyamalıyevin “qida zəhərlənməsi” diaqnozu ilə Şabran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər sentyabrın 2-də Şabran şəhəri ərazisində fəaliyyət göstərən “Gilavar” kafesində özləri ilə gətirdikləri şəhər sakini Fuad Məcidova məxsus ərzaq mağazasından alınmış hisə verilmiş balığı yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən ərzaq mağazasından hisə verilmiş balıq nümunələri götürülərək laborator müayinəsinə göndərilib.
Fakta görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.