Tovuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin aprel ayından sentyabr ayınadək olan müddətdə rayon ərazisində bir neçə evdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakinləri 27 yaşlı Anar Cəfərli və 29 yaşlı Eşqin Hüseynov aprel ayının 28-də yaşadıqları kənddəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1500 manat dəyərində qızıl-zinət əşyaları və 296 manat nağd pul oğurlayıblar.
Daha sonra onlar rayonun müxtəlif ərazilərində yerləşən digər 5 evdən də oğurluq ediblər. Anar Cəfərli və Eşqin Hüseynov sentyabr ayına qədər olan müddətdə müxtəlif vətəndaşlara məxsus evlərdən 6115 manat, 5550 ABŞ dolları, 70000 rus rublu və 15000 manatdan artıq dəyəri olan qızıl-zinət əşyaları oğulayaraq vətəndaşlara ziyan vurublar. Qohumlar oğurluq faktlarını əsasən ev sahiblərinin evdə olmadığı vaxt ərzində törədiblər.
Hər iki şəxs saxlanılıb və oğurladıqları qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.