Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov keçirdiyi brifinqdə deyib ki, Zığ, Masazır Zəli gölü, "At yalı" qəsəbəsindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur.
Onun sözlərinə görə, Şamaxı və İsmayıllı rayonlarındakı sürüşmə sahələrində də aktivlik var: "Şamaxının Muğanlı kəndində, İsmayıllı yolunda və Bakı-Şamaxı-Yevlax yolunun 132-ci kilometrliyində gərginlik mövcuddur, müəyyən yerlərdə uçqun tipli sürüşmələr var.
Bundan əlavə, İsmayıllı rayonunun Lahıc inzibati ərazi vahidliyinə daxil olan Qoydan kəndində iki ay öncə sürüşmə olub, hazırda aktiv fazadadır, sürüşmə kütləsi yaşayış evlərinin divarlarına çatıb. Lerikdə, Yardımlıda, Lerik yolunun bir neçə kilometrliyində uçqun tipli çökmə-sürüşmə hadisəsi baş verib".
Əziz Qaralov qeyd edib ki, Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasında çatlar böyüyür, sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır.
Onun sözlərinə görə, sürüşmə evlərin hasarlarına doğru yaxınlaşır: "Sürüşmə kütləsinin Qərb hissəsində yaranmış çatlarda nisbi də olsa gözlə görüləcək artım müşahidə olunur".
Qeyd edək ki, hazırda Badamdar və Bayıl qəsəbələrində də sürüşmə prosesi baş verir.