“Bu gün və sabah NATO-nun Uels sammitində Rusiya ilə bağlı məsələlərə diqqət yetiriləcək”.
Bunu Axar.az-a açıqlamasında Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Elman Nəsirov Uels sammitində Ukraynanın NATO-ya qoşulması məsələsini şərh edərkən deyib.
Elman Nəsirovun sözlərinə görə, bu sammit Rusiya əleyhinə qərarların müzakirə olunması, onların qəbul edilməsi ilə bağlı geniş debatları özündə birləşdirən bir sammit olacaq:
“NATO-nun Baş katibi Rasmussen bu günlərdə verdiyi müsahibələrin birində qeyd etdi ki, Uels sammitində Ukraynanın NATO ilə əlaqələrinin daha da genişləndirilməsi məsələsinə baxılacaq. 2008-ci ildə NATO-nun Buxarest samitində Ukraynanın NATO-ya qəbul edilməsinə yaşıl işıq yandırıldığına diqqət çəkən Baş katib bu qərarın yenidən Uelsdə gündəmə gələcəyini bilidirb. NATO-nun məlumatına görə, Ukraynanın əsas müttəfiqi Polşada, eyni zamanda Baltikyanı ölkələrdə və Rumıniyada çevik beş hərbi bazasının yaradılması əsas götürüləcək. Buna görə hesab edirəm ki, Rusiya ciddi dilemma qarşısında qalacaq. Seçim isə geri çəkilmək, daha çox güzəşt və kompromisli yol tutmaq, yoxsa geri çəkilməmək, indiki sərt, qarşıdurma vəziyyətini davam etdirilməsindən ibarət olacaq. Eyni zamanda Rusiyanın bu yolda müttəfiqi olmayacaq. Əgər Rusiya tərəfi mərhələli şəkildə müəyyən güzəştlərə getməsə, Avropada təhlükəsizlik mühiti ciddi təhlükə altında qala bilər. Buna görə də Putin öz sərt mövqeyini yumşalda bilər. Çünki Rusiyanın bu məsələdə tutduğu mövqedən geri çəkilməsi Putinin taleyinə mənfi təsir edə, eyni zamanda Avrasiya və Gömrük İttifaqı kimi layihələrin taleyini sual altında qoya bilər”.
Elman Nəsirov onu da qeyd etdi ki, rəsmi Moskvanın hazırki durumda kompromisə getməkdən başqa çarəsi yoxdur. Amma bu kompromisin özü də, çox radikal şəkildə deyil, mülayim formada olmalıdır. Qərbin də Rusiya ilə müəyyən qədər razılığa gəlməsi indiki vəziyyətdən əsas çıxış yolu ola bilər.
Xatırladaq ki, bu gün NATO-nun Uels şəhərində keçirilən sammiti sabah davam edəcək.