Deputat: “Layihədə elmi işçinin hüquq və vəzifələri, sosial müdafiəsi əksini tapacaq”
Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputatı Kamilə Əliyeva yeni tədris ilinin başlaması münasibəti ilə bir sıra açıqlamalar verib.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramından” danışan millət vəkili bildirib ki, proqramın başlıca məqsədi Azərbaycan üçün güclü mütəxəssislərin hazırlanmasıdır:
“Dövlətimiz bu proqram vasitəsilə gənclərimizi nüfuzlu ali məktəblərə göndərir və onlar zəruri olan ixtisaslar üzrə təhsil alırlar. Bu amil ölkəmizdə insan kapitalının inkişafı baxımından çox mühüm faktordur. Azərbaycan prezidenti ölkə gənclərinin dünyanın aparıcı universitetlərində təhsilinə çox böyük diqqət və önəm verir. Bu ölkəmizin inkişaf prioritetlərindən biridir, bu siyasətin daha dərin kökləri, ənənələri var. Bu gün ölkəmizin inkişafında, dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür. Hesab edirəm ki, xaricdə təhsil alan gənclərimiz yüksək biliklərə yiyələnməklə yanaşı ölkəmizin fəal təbliğatçısı funksiyasını da yerinə yetirirlər. Hesab edirəm ki, bu gənclər gələcəkdə Azərbaycanın inkişafına böyük töhfələr verəcəklər”.
Təhsil sahəsində qanunvericilik haqqında danışan professor deputat bildirib ki, 2010-cu ildə “Təhsil haqqında” qanunu qəbul edilib:
“Hesab edirəm ki, bu qanun mükəmməl bir hüquqi sənəddir və təhsilimizin konstitusiyasıdır. Qanuna günün tələblərinə uyğun olaraq çoxsaylı əlavə və dəyişiklik edilib və zərurət yarandıqca yenə də ediləcək. Bu da normaldır. Qanunvericilik fəaliyyətinin mahiyyəti də elə məhz bundan ibarətdir ki, hər sahədə günün tələblərinə uyğun olaraq ictimai münasibətləri tənzim edən hüquq normaları yaradılsın. Təhsil elə bir sahədir ki, orada daim dəyişikliklərin olması qaçılmazdır. Buna müvafiq olaraq da yeni normativ-hüquqi aktlar qəbul edilə bilər”.
Millət vəkili hesab edir ki, hazırda “Elm siyasəti haqqında” qanun layihəsinin əhəmiyyəti böyükdür:
“Çünki qanun dövlətin elm siyasətinin tənzimlənməsində ciddi hüquqi baza olacaq. “Elm siyasəti haqqında” qanun elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirəcək. Qanun, eyni zamanda, vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. Son illər elmdə aparılan islahatlar müsbət nəticələr verir. Bunun nəticəsində də Azərbaycan elmi və elm adamları beynəlxalq səviyyədə daha diqqətlə qarşılanır. Bu baxımdan, qanun elmin inkişafına, bu sahədə aparılan islahatlara təkan verəcək. Layihədə elmi işçinin hüquq və vəzifələri, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər də əksini tapacaq. Bütövlükdə, qanun elmin inkişafına böyük töhfələr verəcək”.
Cavidan