Bu gün Bakıda Malayziya səfirliyinin binasının rəsmi açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razak, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Abdul Razak deyib ki, Malayziya hökumətinin Azərbaycanda səfirlik açması barədə qərarından çox şaddır və bu hadisə iki ölkənin əlaqələrinin inkişafında yeni bir mərhələ açacaq. Yeni səfirin Azərbaycanda üç il fəaliyyət göstərəcəyini söyləyən baş nazir ümid etdiyini bildirib ki, Azərbaycan-Malayziya münasibətləri hər iki tərəf üçün faydalı olacaq.
Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rah qeyd edib ki, iki ölkə arasında diplomatik əlaqələr çoxdan qurulub, lakin səfirlik Azərbaycanda rəsmi olaraq bugündən fəaliyyətə başlayır.
Daha sonra baş nazir Abdul Razak və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səfirliyin yeni binası ilə tanış olublar.