12 Sentyabr 2014 20:03
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, bu gün ticarət dövriyyəmiz olduqca aşağı səviyyədədir. Amma əminəm ki, bu səfərdən sonra müsbət irəliləyiş əldə ediləcək.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Malayziya baş naziri Mohammad Najib Tun Abdul Razakla görüşdən sonra mətbuata bəyanatında bildirib.


Malayziya baş naziri ilə iqtisadi əməkdaşlığı müzakirə etdiyini deyən dövlət başçısı bildirib ki, iki ölkə şirkətlərinin qarşılıqlı sərmayə yatırımı barədə razılıq əldə olunub.

“Biz birgə sərmayə imkanlarını nəzərdən keçirdik - söhbət üçüncü ölkələrdə reallaşdırılacaq layihələrdən gedir. Zənnimcə, böyük potensial var. Bu gün biz enerji sahəsində çox ətraflı, geniş müzakirə apardıq. Bu sahədə əməkdaşlığımız üçün çox böyük perspektivlər var. Zənnimcə, biz bu sahədə strateji tərəfdaşlığa nail ola bilərik - enerji resurslarının ixracı, nəqli, emalı və digər məsələlərdə. Bu səbəbdən də bu gün SOCAR və “Petroliam Nasional Berhad” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu gözəl bir əməkdaşlıq çərçivəsi yaradır. Əminəm ki, hər iki şirkətin rəsmiləri dərhal fəal dialoqa və əməkdaşlığa başlayacaqlar. Çünki artıq tərəflər konkret layihələr müəyyən ediblər. Ümid edirəm ki, biz olduqca qısa zamanda real nəticələr görəcəyik”, - deyə o vurğulayıb.

Azərbaycan prezidenti qeyd edib ki, Malayziya dünyada Azərbaycan üçün mühüm tərəfdaş və dost ölkələrdəndir. Azərbaycanla Malayziyanın İslam həmrəyliyinin gücləndirilməsi üçün birgə tədbirlər həyata keçirdiklərini, səylər göstərdiklərini deyən dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edildiyini önə çəkib:

“Malayziya istər iqtisadi və siyasi, istər də sosial inkişaf baxımından böyük nailiyyətlər əldə edib. Bu, bir çox ölkələr üçün örnək ola bilər. Malayziyanın möhkəm, sabit siyasi sistemin və güclü iqtisadi zəminin yaradılması baxımından böyük nailiyyətləri var. Zənnimcə, İslam dövlətlərinin inkişafı, həmrəyliyi əməkdaşlığın gücləndirilməsinə də töhfəsini verir. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək daha çox işlərə nail ola bilərik. Biz əməkdaşlığımızdan çox razıyıq. Düşünürəm ki, bugünkü səfər əməkdaşlığımızın yeni səhifəsini açır”.


Müəllif:

Oxşar xəbərlər