16 Sentyabr 2014 16:40
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dedi ki, “daha qocalıb, siyasətdən getməlidir””

Müsavat Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi sentyabrın 27-nə təyin olunmuş qurultayın yeri məsələsini müzakirə edib. Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evi ilə bağlanacaq müqavilənin şərtləri ətrafında fikir mübadiləsi aparılıb.

“Əmircandakı zal bizə 2200 manata başa gəlir”

Başqanlığa namizəd Tural Abbaslı Teleqraf.com-a bildirib ki, sözügedən mədəniyyət mərkəzinə nəzərdə tutulduğundan çox baha qiymət qoyulub: “1 saatlıq tədbir üçün 220 manat icarə haqqı tələb olunur. Böyük otellərin böyük zallarının kirayəsinin bir gün 1500 manat olduğu halda, Əmircandakı zalda 10 saatlıq tədbir bizə 2200 manata başa gələ bilər. Qərar verildi ki, bu istiqamətdə danışıqlar başlasın, mədəniyyət evinin rəhbərliyi ilə müqavilə şərtləri razılaşdırılsın. Paralel olaraq şadlıq sarayı ilə maraqlanacağıq. Müvafiq şadlıq sarayı və ya uyğun yer tapılmasa yəqin qurultayı Əmircanda keçirəcəyik. Müsavat Məclisinin sentyabrın 27-də qurultayın keçirilməsi ilə bağlı qərarı var. Müşahidələr də onu göstərir ki, böyük əksəriyyət bu tarixdə qurultayın keçirilməsinin tərəfdarıdır”.

“ADP-yə getməyimizdə siyasi mesaj yoxdur”

Başqanlıq uğrunda yarışacaq iddialılardan olan Tural Abbaslı gənclərlə görüşünü sentyabrın 20-də Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçirəcək. Partiyanın rayon təşkilatlarının nümayəndələri ilə Müsavatın qərargahında toplantı keçirdiyini deyən T.Abbaslı qeyd etdi ki, bu dəfəki görüş ümumilikdə Azərbaycan gəncliyi ilə nəzərdə tutulub: “Müxtəlif partiya və təşkilatlarda təmsil olunan gənclərlə kütləvi tədbir etmək istəyirik. Konsepsiya bundan ibarətdir ki, gəncliyin istənilən situasiyada bir olduğunu göstərmək istəyirik. Həm də Müsavatın ümumi gəncliyin partiyası olduğunun təqdimatını etmək istəyirik”.

Onun sözlərinə görə, Müsavatın zalının tutumu 110-120 nəfərlik olduğundan digər partiyalara üz tutub: “ADP və VHP ilə danışıq apardım. ADP-nin qərargahında zal 250-yə yaxın insan tutur. Sırf texniki göstəricilərinə görə ADP-də görüş keçirəcəyik. Burada siyasi mesaj yoxdur, sırf texniki məsələlərə görə, görüş yerini dəyişdik”.

Müsavatın qərargahında Əli Kərimli təriflənib, Arif Hacılı tənqid olunub?

O, AXCP üzvünün Müsavatın qərargahında başqanlığa namizədlərdən birinin ünvanına xoşagəlməz ifadələr işlətdiyi və bu səbəbdən növbəti görüşü ADP-də keçirdiyi barədə söylənən iddialara belə cavab verdi: “Görüşümüzün birində cəbhəçi xanım çıxış etmişdi. Mən yaxud kimsə bəyənsə də, bəyənməsə də özünəməxsus fikirlərini demişdi. Bununla bağlı rəsmi heç kəs mənə rəsmi irad bildirməyib və bildirə də bilməz”.

“Dedi ki, “daha qocalıb, siyasətdən getməlidir””

T.Abbaslının sözlərinə görə, cəbhəçi xanım AXCP-nin fikirlərini çatdırıb və öz liderini tərifləmişdi: “Rəqib namizədin biri barədə söyləmişdi ki, “daha qocalıb, siyasətdən getməlidir”. Təbii ki, xoş olmayan fikirlər idi. Amma görüşdə kimin nə deyəcəyini biz əvvəlcədən müəyyənləşdirmirik. Yaxud görüşə gələnləri şəxsiyyət vəsiqəsi və partiya bileti ilə buraxmırıq. Sosial şəbəkələrdə görüş barədə elan veririk, istəyən durub gəlir, söz alıb fikrini deyir. Orada əlahiddə, qeyri-adi nələrsə deyilsə, müdaxilələr ən son addım kimi fikirləşilə bilər. Amma kiməsə deyə bilmərik ki, çıxışının mətnini ver mənə, senzuradan keçirim. Heç kim mənə irad bildirməyib, bildirə də bilməz. Mən bu iradlara da görə də görüşümüzü qərargahda keçirməkdən də imtina edə bilmərəm. Yəqin yaxın günlərdə özümüzün rayon təşkilatlarının görüşünü Müsavatın qərargahında təşkil edəcəyik”.

Gənclər Təşkilatının yeni sədrinin etimadını niyə qazana bilmir?

T.Abbaslı bildirdi ki, Müsavatın Gənclər Təşkilatının bugünkü tərkibi qurultay məsələsində monolit deyil: “Adətən, mətbuat işçiləri rəhbərliyin mövqeyini təşkilatın mövqeyi kimi təqdim edirlər. Ancaq orada monolit fikir yoxdur. Gənclər Təşkilatının bəzi üzvləri Arif Hacılını, bəziləri Qubad İbadoğlunu dəstəkləyir. Hətta bizim də tərəfdarlarımız kifayət qədərdir. Əhliman Abbas mövqeyini irəli sürüb. İlk təqdimatı Qubad İbadoğlu edəndə onu dəvət edib. Hər kəsin, hər bir gəncin seçiminə hörmətlə yanaşırıq. Mənim Müsavat gəncləri arasında etimad kimi bir problemim yoxdur”.

“Mənim Əhliman Abbas kimi problemim yoxdur”

T.Abbaslı vaxtilə Gənclər Təşkilatının rəhbəri kimi MGT-nin yeni sədri ilə heç bir rəqabət aparmadığını söylədi: “Elə bir fikrim də yoxdur. Partiyadaxili fraksiyamı, ya toparlaşmamı deyək ola bilər. Təbii ki, mən, ətrafım, gənclik partiya daxilində öz mövqeyimizi möhkəmlətmək, səlahiyyətli postları tutmaq uğrunda hansısa addımlar ata bilərik. Burada opponentlərimiz hansısa gənclər və Gənclər Təşkilatı deyil. Burada illərdir formalaşmış daxili komandalar var. Ən yaxşı halda onlarla rəqabət aparırıq. Mənim MGT və ya Əhliman Abbas kimi problemim yoxdur”.

Platformada neçə tezis olacaq?

O, başqanlıq uğrunda yarışdakı rəqiblərinin tezisi ilə tanış olduğunu dedi: “Platforma adı verilən və bəndlərdən ibarət olan çıxışlarla tanışam. Biz də yəqin təqdim edəcəyik. Sırf ona görə ki, insanlar deməsin ki, bunda tezislər yoxdur. Təşkilati və texniki məsələlərdən xəbərdar olan insanlar bilir ki, platforma qulağa xoş gələn söz yığınıdır. Məsələn, mən platformamda durub yazım ki, Qarabağın azadlığı uğrunda əlləşəcəyik. Amma Qarabağın azadlığının təmin olunması üçün Azərbaycan hakimiyyətinə gəlmək lazımdır. Bu gün düşünürəm ki, platformamızın əsas tərkibi 3-4 maddədən ibarət olmalıdır, vəssalam. Bunlar: partiyanın strukturlarının gücləndirilməsi, üzvlərinin sayının artırılması, regionlardakı strukturların möhkəmlənməsi və partiyanın real addımlar atmaq istiqamətində planlarının həyata keçirilməsi və partiyanı hakimiyyətə gətirməkdən ibarət olmalıdır. Mənim üçün platforma budur”.

“Müsavat 2003-cü ildəki gücünə qayıtmalıdır

Onun fikrincə, Müsavat ən azı 2003-cü ildəki gücünə qayıtmalıdır: “Bütöv Azərbaycan, Qarabağın azadlığı uğrunda mübarizənin davam olunması və digər böyük hədəflər hakimiyyətə gələndən sonra atılmalı olan addımlardır. Biz nəsə kəşf etmək, yaxud yeni siyasi tendensiya və yanaşmalar sərgiləmək niyyətində deyilik. Biz sırf partiyanın gücləndirilməsi və söz sahibi olması, Azərbaycan siyasi səhnəsində rolunun ən azı 3-5 dəfə artırılması istiqamətində əlimizdən gələni edəcəyik”.

Nərgiz

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər