Demokratiya və İnsan Hüquqları Mərkəzində birləşən 14 siyasi partiyanın toplantısı keçirilib.
Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, müzakirələr zamanı yeni konfransın keçirilməsi qərara alınıb: “Konfrans Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək. Əgər burada baş tutmasa, Müsavatın qərargahında olacaq. Bundan başqa, toplantıda Avropa Parlamentinin son qətnaməsi də müzakirə edilib. Qərara alınıb ki, mərkəz Avropa Birliyinə üzv dövlətlərin ölkəmizdəki diplomatik korpuslarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirsin. Həmçinin toplantıda qərara alınıb ki, siyasi partiya sədrləri Ədliyyə nazirinə və Penitensiar Xidmətin rəhbərinə müraciət etsin”.
Toplantıda həmçinin ötən konfransda qəbul edilən qərarların icrası ilə bağlı iki qrupun yaradılması qərara alınıb. Sözügedən mərkəz yeni referendum təşəbbüsü ilə çıxış etmək niyyətindədir. Bu məqsədlə Qulamhüseyn Əlibəyli, Əli Əliyev və Pənah Hüseyndən ibarət qrup yaradılıb. Həmçinin mərkəzin fəaliyyəti ilə bağlı konsepsiya, habelə ölkədəki vəziyyətlə bağlı hesabat hazırlamaq məqsədilə Sülhəddin Əkbər, Pənah Hüseyn və Əhməd Orucdan ibarət qrup yaradılıb. Maraqlıdır ki, Pənah Hüseyn hər iki qrupda təmsil olunub.
Əhməd Oruc daha sonra əlavə edib ki, Milli Şura ilə bağlı məsələ müzakirə edilməyib: “Biz onları keçirdiyimiz bütün tədbirlərə dəvət edirik. Onlarla problem və fikir ayrılıqlarımız yoxdur. Elə son tədbirimizə də onları dəvət etmişdik, amma gəlmədilər. Keçirəcəyimiz dəyirmi masaya da onları dəvət edəcəyik. Biz münasibətlərimizi pisləşdirmək üçün heç nə etməmişik. Sadəcə olaraq onlar bir qədər fərqli mövqe tutur, özlərini real müxalifət hesab edirlər”.
Sonda Əhməd Oruc deyib ki, Aydınlar Partiyası da Dünən Demokratiya və İnsan Hüquqları Mərkəzinə daxil olub.
Nemət