13 Fevral 2020 10:40
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhər-rayon polis şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini yaşadığı evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları və pulun oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, zərərçəkmişə məxsus evdən 18700 manat dəyərində qızıl sikkələrin və 3100 ABŞ dollarının oğurlandığı müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki şəhər sakini 19 yaşlı Abdullətif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki şəhər-rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, A.Əliyevin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.


Müəllif: Hacı Zeynalov