1 May 2014 20:57
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyanın yüzdən çox ölkəsində 1 may-zəhmətkeşlərin bayramı günü kimi qeyd edilir.

Azərbaycanda bu bayram 1992-ci ilə qədər dövlət səviyyəsində qeyd olunub. Ancaq AXC hakimiyyəti dövründə baş nazir Pənah Hüseynovun təklifi əsasında bu gün bayram kimi təqvimdən çıxarılıb. Bundan sonra 1 may bayram kimi qeyd olunmayıb.

Son illər daha çox solçular bu bayramı qeyd etməyə çalışırlar. Ötən il kommunistlər Fəhlə heykəli önündə bu günü qeyd ediblər. Bundan əvvəl isə kommunistlər və sol ideologiyanın tərəfdarları bu bayramı Nəriman Nərimanovun heykəli önündə keçiriblər. Həmin vaxt tədbirin təşkilatçısı sol partiyalar deyil, sol ideologiyaya meyl edən yazarlar olub.

Solçular Fəhlə heykəlinin önünə toplaşıb

Bu gün də sol ideologiyanı dəstəkləyən qüvvələr bu günü qeyd ediblər. Azərbaycan Kommunist Partiyasından verilən məlumata görə, aksiya saat 14:00-da Nobel prospektindəki Fəhlə heykəlinin qarşısında keçirilib. Tədbirdə sol ideyalar, onun üstün tərəfləri haqda çıxışlar olub. Daha sonra qətnamə qəbul edilib. Qətnamədə banklara borcu olan 1. 6 milyon vətəndaş üçün maliyyə amnistiyasının elan edilməsi, ipoteka kreditləşməsinin dayandırılması və vətəndaşların pulsuz mənzil hüququnun bərpa edilməsi, hər bir vətəndaşın dövlət hesabına pulsuz təhsil hüququnun təmin edilməsi, ödənişli təhsilin ləğvi, dövlət hesabına pensiya hüququnun və dövlət ictimai sığortasının bərpası, bütün kommunal ödəmələrin ləğv edilməsi və işçilərin maaşından gəlir vergisinin tutulmasının dayandırılması istənilib.

Kommunist lideri Moskvada

Bu arada bəlli olub ki, Vahid Azərbaycan Kommunist Partiyasının sədri Moskvaya səfər edib. Kommunistlərin liderinin Moskvaya nə üçün səfər etdiyi, kimlərlə görüşdüyü haqda məlumat yoxdur. Musa Tükanov əməkdaşımızla söhbəti zamanı Moskvada olduğunu deyib və Bakıya yeni qayıtdığını bildirib. Vahid Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri Moskvaya şəxsi işləri ilə bağlı getdiyini deyib və görüşləri haqqında danışmayıb. Bildirib ki, onun sədri olduğu partiyanın üzvləri 1 mayı şəhərdən kənarda qeyd ediblər.

Masallıda 1 may münasibətilə cıdır yarışı keçirilib

Bir may günü Masallıda özünəməxsus formada qeyd olunub. Masallı rayonunun Xırmandalı kəndindəki cıdırda at yarışları keçirilib. Yarışlara Masallı ilə yanaşı, ətraf Cəlilabad və Neftçala rayonlarından 200 yaxın çapar qatılıb. Münsiflərin seçimindən sonra 36 çaparın mübarizəni davam etdirəcəyi elan olunub. Çaparlar 9 qrupa bölünüb, hər qrupda 4 çapar öz məharətini göstərib və qrupdakı qalıb finala vəsiqə qazanıb. Yarışın qaydalarına görə, iştirakçılar 1 km məsafəni qət etməli və qısa müddətdə finiş xəttinə tez çatan çapar qalib elan olunmalıdır. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda çapar Ceyhun Qurbanov Bustan adlı atı ilə 1-ci, Keçən ilin qalibi Elnur İsmayılov Cerri adlı atı ilə 2-ci, Fərzəliyev Taryel Şimşək adlı atı ilə 3-cü yeri tutub. Qaliblərə təşkilatçı Ramil Məmmədov tərəfindən pul mükafatları verilib.

Axşam saatlarında isə bir qrup solçu Fəvvarələr Meydanında toplaşmaq istəyib. Onlar 1 may - Beynəlxalq Zəhmətkeşlər Bayramı münasibətilə aksiya keçirməyə cəhd edib. Polis aksiyaya müdaxilə edib və bir neçə nəfər saxlanılıb.

“Bir may bayramı Azərbaycanın sosial-siyasi ənənələrinə uyğun olmayan yabançı bir bayram idi”
Bu bayramın Azərbaycan təqvimindən çıxarılmasının əsas təşəbbüskarlarından olan sabiq dövlət müşaviri Arif Hacılı deyib ki, belə bir qərara görə peşman olmağa dəyməz: “Hesab edirəm ki, tamamilə doğru qərar idi. Çün ki bir may bayramı Azərbaycanın nə milli, nə tarixi, nə də sosial-siyasi ənənələrinə uyğun yaradılmayan yabançı bir bayram idi. Müsavat Partiyasının qəbul etdiyi prinsiplər sırasında əhalinin sosial durumunun yaxılaşdırılması və digər məsələlər önəmli yer tutur. Partiyanın əhalinin sosial təminatını yaxşılaşdırmaq məqsədilə həyata keçirəcəyi təkliflər zərfləri var. Azərbaycanda zəhmətkeşlərin bayramı da ola bilər. Ancaq bu heç də kənardan sırınan, əslində zəhmətkeşlərin marağına deyil, kommunist ideologiyasının təbliğatı məqsədilə həyata keçirilən tədbir ola bilməz. 1 may tipli bayramın keçirilməsi xalqımızın mənafeyinə uyğun deyil”.

“Bu günün kommunizm və SSRİ-yə heç bir aidiyyəti yoxdur”

ASDP sədri Araz Əlizadə isə deyir ki, 1992-ci ildə bu məsələ parlamentdə müzakirə olunan zaman o dövrkü hakimiyyət nümayəndələrinə başa sala bilməyib ki, bu günün kommunizm və SSRİ-yə heç bir aidiyyəti yoxdur: “Onların çoxu elmi kommunizmdəm imtahan vermişdilər. Bəziləri elmlər namizədi və doktor idi. Amma bunu anlada bilmədim”.

Əlizadə daha sonra deyib ki, 1999-cu ildə bu günü yenidən təqvimə daxil etmək təşəbbüsü ilə çıxış edib, amma onların təşkil etdiyi mitinqə cəmi 3 min insan qatılıb: “Bu da 1 may üçün çox aşağı say idi”.

Cavidan


Müəllif: