1 Oktyabr 2014 16:45
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Daha çox qadınların qalib gəlməsini istəyirik”

Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Bahar Muradova dekabrda keçiriləcək bələdiyyə seçkilərindən danışıb.

Hakim partiyanın təmsilçisi deyib ki, YAP seçkilərə yüksək səviyyədə hazırlaşır. Onun sözlərinə görə, bu prosesdə qadınlar da fəaldır: “Qadınların fəallığına ötən bələdiyyə seçkilərində çox yaxşı təkan verdik. Yeni Azərbaycan Partiyasının fəal işinin nəticəsi idi ki, bələdiyyə üzvləri içərisində 4 faizədək olan qadınların iştirakı 27 faizə qədər yüksəldi. Bu, çox böyük uğurdur və bilavasitə YAP-ın təşkilatçılığı sayəsində əldə olunub. Eyni fəaliyyəti bu dəfə də davam etdirmək əzmindəyik. Artıq YAP Qadınlar Şurasının rayon və şəhər təşkilatlarının rəhbərlərinin iştirakı ilə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar müşavirə keçirilib və konkret tapşırıqlar yerlərdə icra olunmaqdadır. Partiyamızın seçkilərdə iştirak təcrübəsi, əldə etdiyi uğurlar və daim yeniliyə meyli imkan verir ki, istənilən vaxt bütün fəaliyyətimizi seçki relsi üzərinə keçirək. Ona görə də, bu seçkilərdə hər hansı çətinliyin və ya problemin olacağını düşünmürəm. Seçkiyə hazırlığın müvafiq mərhələsinə uyğun vəzifələr zamanında yerinə yetirilir”.

Vitse-spiker əlavə edib ki, bu prosesdə qadınların, gənclərin iştirakı da prioritet məsələlərdən biridir:

“Bununla əlaqədar həm gənclərlə, həm də qadınlarla bağlı işlərin təşkili üçün müvafiq tapşırıqlar verilib. Seçkili orqanlarımızda təmsil olunan qadınların rolu və fəaliyyəti digər qadınları da bu işə ruhlandırır və biz çoxsaylı namizədlərin iştirakının şahidi olacağıq. Əlbəttə ki, nə qədər çox namizədimiz olacaqsa, onların içərisindən daha çoxlarının seçilmək şansı var. Bu səbəbdən, kişiləri də bu məsələdə qadınların işinə dəstək verməyə çağırırıq. Çünki qadınların bələdiyyələrdə iştirakı bütün mənalarda bu işin daha səmərəli, faydalı və müsbət nəticələrlə yadda qalmasına şərait yaradır”.

Nemət


Müəllif:

Oxşar xəbərlər