12 İyul 2020 17:52
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda dostunu öldürməkdə təqsirli bilinən Hacımurad Nəsibovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 24-nə təyin olunub.

İttihama görə, hadisə 2019-cu il dekabrın 23-də Balakən rayonunun Hənifə kəndində qeydə alınıb. Kənd sakini, rayon ərazisində fəhləlik edən Murtuzəli Nabatova məxsus yarımtikilidə müvəqqəti yaşayan Şəki sakininin meyiti aşkarlanıb.

İstintaq nəticəsində aydın olub ki, meyit Şəki rayonu Baltalı kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədhəsən Rəhimovdur. Meyitə baxış keçirilən zaman onun bədənində qətl əlamətlərinə xarakterik xəsarətlər aşkar edilib.

Məlum olub ki, rayon sakini Hacımurad Nəsibov Hənifə kəndindəki mənzilində Məmmədhəsən Rəhimovla spirtli içki qəbul edib.

Məmmədhəsən Rəhimov dostunun ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında mübahisə yaranıb.

Hacımurad Nəsibov Məmmədhəsən Rəhimovu müvəqqəti yaşadığı yarımtikili ikimərtəbəli evin birinci mərtəbəsinə aparıb, orada onun baş nahiyəsinə taxta parçası ilə dörd-beş zərbə vuraraq öldürüb.

Hacımurad Nəsibov polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Hacımurad Nəsibovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər