İyulun 23-də Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) üzvləri Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribata etiraz bildirmək məqsədilə Sidney şəhərində etiraz aksiyası keçiriblər.
Teleqraf.com-un məlumatına görə, Yeni Cənub Uels ştatının parlament binası önündə keçirilən etiraz aksiyasında “Yaşasın Azərbaycan!” və “Qarabağ Azərbaycandır!” şüarları səsləndirilib, Ermənistanın təcavüzünə son qoyulmasına çağırıblar.
Qeyd edək ki, Yeni Cənub Uels ştatında koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq olunan qaydalara əməl edərək məhdud sayda və sosial məsafə gözlənilməklə təşkil olunmuş aksiyada iştirak edən azərbaycanlılar Ermənistanın işğalçı siyasəti barədə həqiqətləri ştat parlamentarilərinə və yerli ictimaiyyət nümayəndələrinə çatdırmağa çalışıblar.
Aksiyadan sonra diaspor təşkilatının ofisində toplaşan həmyerlilərimiz düşmən təcavüzü nəticəsində şəhid düşmüş hərbiçilərimizi yad edərək, hər zaman dövlətimizin və xalqımızın yanında olduqlarını bildiriblər.