2 May 2014 19:06
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

““ReAL” Hərəkatının icraçı katibi Natiq Cəfərlinin sosial şəbəkədə yazdığı status birbaşa onun tərbiyəsinin olmamasından xəbər verir. O adam verdiyi bəyanatın, danışdığı sözün mahiyyətini başa düşmür. Bundan əlavə də bu adamın bir mədəniyyəti yoxdur, danışdığına fikir vermir”.

Bunu Teleqraf.com-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
N.Orduxanlı deyib ki, BAXCP sədri Q.Həsənquliyev Rusiya bazalarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı hər hansı təkliflə çıxış etməyib:

“O deməyib ki, Rusiya hərbi bazaları mütləq Azərbaycana gəlməlidir. Qüdrət Həsənquliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikri bundan ibarət olub ki, bunun yeganə yolu Rusiya ilə danışıq aparmaqdadır. Rusiyanın enerji, qaz və digər strateji maraqlarını təmin etməkdədir. Qeyd edib ki, Azərbaycanın müstəqilliyini qorumaq şərtilə Rusiya ilə müəyyən sazişlər imzalanmalıdır. Görünür, bu Natiq Cəfərlinin gözləri də pis görür, savadı çatıb oxumağı da bacarmır ki, Qüdrət Həsənquliyev nə deyib. Buna başqa cür izah etmək çətindir. Mən Natiq Cəfərliyə məsləhət görərdim ki, üzündən oxumağı bacarsın, Qüdrət bəyin müsahibəsini açıb oxusun və görsün, o nə deyib”.

BAXCP sədrinin müavini qeyd edib ki, Q.Həsənquliyev heç kimin tapşırıqlarını deyil, daim öz fikirlərini açıqlayıb:

“O həmişə milli maraqlara xidmət edib. İki-üç adamı başına toplaya bilməyən adamlar mülahizələr bildirirlər və özlərini siyasətçi hesab edirlər. Sən hələ 50 nəfəri ətrafına topla, özünü siyasətçi kimi hiss elə, ondan sonra Qüdrət Həsənquliyevlə bağlı fikir bildir”.

Səxavət


Müəllif: