Zərdüşt Əlizadə: “İsrailin Qəzzada etdikləri dünyanın səbr kasasını daşırıb”
Böyük Britaniya parlamentinin İcmalar Palatası (aşağı palata) hökumətə Fələstini müstəqil dövlət kimi tanımağa çağırış yer alan qətnamə qəbul edib. Oktyabrın 13-də qəbul edilən qətnaməyə 274 deputat səs verib, 12 nəfər sənədin əleyhinə çıxıb.
Qeyd edək ki, Fələstin 2012-ci ildə BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb. Qərar BMT Baş Məclisinin iclasında çıxarılıb və Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyır, həmçinin ona ərazisi işğal olunmuş müstəqil dövlət statusu verir.
Qeyd edək ki, Birləşmiş Krallıqda dövlətləri parlament deyil, hökumət tanıyır. Beləliklə, səsvermə simvolik xarakter daşıyır. Ancaq qərarın Böyük Britaniya hökumətini Fələstin dövlətini tanıması üçün təzyiq altına salacağı gözlənilir.
Mövzu ilə bağlı söhbətləşdiyimiz politoloq Zərdüşt Əlizadə Böyük Britaniya parlamentinin çıxardığı qətnaməni təbii saydığını bildirib. O qeyd edib ki, İsrailin fələstinliləri əzmək, hüquqlarını tanımamaq siyasəti artıq hətta Avropa kimi yəhudipərəst bir məkanda da dəstəklənmir: “Özü də təkcə sollar deyil, liberallar və mühafizəkarlar da anlayırlar ki, bu münaqişənin həlli üçün mütləq gərək fələstinlilərin hüquqları tanınsın. Bu tanınma yolunda da addımlardan biri müstəqil Fələstin dövlətinin yaradılmasıdır. Dünya dövlətlərinin, demək olar, əksəriyyəti BMT Baş Assambleyasında Fələstin dövlətinin tanınmasının lehinə səs veriblər. Yavaş-yavaş Avropa ölkələri müstəqil Fələstin dövlətini tanıyacaq və İsraili məcbur edəcəklər ki, öz mövqeyindən geri çəkilsin və ədalətə doğru hərəkət etsin”.
Bəs, bu yolla müstəqil Fələstin dövlətinin yaradılması mümkün olacaqmı?
Z.Əlizadə deyir ki, başqa yol yoxdur: “Fərz edin ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. İndi biz zəif olmuşuq, hakimiyyət davası aparmışıq, vətəni unutmuşuq, qarşı tərəf isə daha güclü olub. Amma yenə ortada ədalət olması üçün güzəştli bir sülh lazımdır. Azərbaycan rəsmiləri də dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağa Azərbaycanın tabeliyində ən yüksək status verməyə hazırdırlar. Ərəblər də artıq güzəştli sülhə razı olduqlarını deyiblər. 1967-ci ildəki sərhədlərinə qayıtmağı xahiş edirlər və deyirlər ki, biz İsraili tanıyacağıq. Yəni, İsrailin yerləşdiyi ərəb torpaqlarını unudacaqlar. Amma İsrail tərəfi hazırda ”Tövrat"da bütün Fələstin torpağının israillilərə məxsus olmasının yazıldığını iddia edir. Yəni, bu qanunsuz, ifrat radikal, millətçi düşüncə məqbul deyil. Dünya yavaş-yavaş İsraili məcbur edəcək ki, fələstinlilərin hüquqlarını tanısınlar".
Qeyd edək ki, bugünlərdə İsveçin baş naziri Stefan Löven rəhbərlik etdiyi hökumətin Fələstini suveren müstəqil dövlət kimi tanıdığını bəyan etdi. Baş nazir qeyd etmişdi ki, İsraillə Fələstin arasındakı münaqişənin həlli yolu hər iki dövlətin tanınmasından keçir: “Qərar qəbul olunmalı və beynəlxalq hüquq normalı çərçivəsində razılaşdırılmalıdır. Bu qərar hər iki ölkənin sülh şəraitində yaşamasına gətirib çıxarmalıdır. Məhz buna görə İsveç Fələstini dövlət kimi tanıyır”.
Bu məqama da toxunan Z.Əlizadə deyib ki, BMT Baş Assambleyasında dünya dövlətlərinin əksəriyyəti Fələstini müstəqil dövlət kimi tanıyıb: “BMT Baş Assambleyasında dünya dövlətlərinin əksəriyyəti Fələstini tanıyıb. Mütəmadi olaraq keçirilən səsvermələrdə Fələstin səslərin əksəriyyətini qazanıb. Sadəcə, Amerika öz zorundan, gücündən, pulundan, nüfuzundan, ordusundan istifadə edib haqq-ədaləti tapdalayıb və işğalçı dövlətin xeyrinə addımlar atıb. Amma artıq məsələ elə bir səviyyəyə gəlib çatıb ki, necə deyərlər, dünya boğaza yığılıb. Dünya dövlətləri çalışırlar ki, İsraili geri oturtsunlar. Xüsusilə də avqust ayında İsrailin Qəzza zolağında törətdikləri dünyanın səbr kasasını daşırıb”.
SƏXAVƏT