11 Noyabr 2020 16:07
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon Prokurorluğu rayon ərazisində baş verən silahlı cinayət hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 10-da saat 11 radələrində Bərdə rayonu, Mollalı kənd sakini 1981-ci il təvəllüdlü Hacıyeva Sevda İsa qızının odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1995-ci il təvəllüdlü Mehralıyeva Nərmin Güloğlan qızının birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sevda Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərmin Mehralıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

13:04

Bərdə rayonunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, noyabrın 10-da saat 11 radələrində Bərdə rayonunun Məmmədli kəndi ərazisində Qaratəpə kənd sakini Sevda Hacıyevanın ov tüfəngindən açılan atəşlə qətlə yetirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində kənd sakini N.Mehralıyeva tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Hadisə yerinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər