Azərbaycanın əməkdar elm xadimi, professor Zakir Qarayev vəfat edib.
Bu barədə Teleqraf.com-a Təbibdən məlumat veriblər.
Bildirilib ki, Azərbaycan tibb elminə ağır itki üz verib.
Zakir Qarayev 27 noyabr 1941-ci ildə Qərbi Azərbaycanda müəllim ailəsində anadan olub. Z.Ö.Qarayev gənc həkim kimi əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə mahalında başlayıb. Lakin elmə olan böyük marağı onu geriyə, ATU-ya qaytarmış və aspirantura və doktorantura təhsillərini başa vuran Z.Ö.Qarayev 33 yaşında tibb elmləri doktoru alimlik dərəcəsi alıb.
O, 1968-ci ildən 1974-cü ilədək Azərbaycan Dövlət Tibb İnstitutunun Mərkəzi Elmi Tədqiqat Laboratoriyasının direktoru, 1974-cü ildən 1975-ci ilədək Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat Laboratoriyasında Baş Elmi İşçi,1975-ci ildən 1982-ci ilə qədər Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat Laboratoriyasında direktor vəzifələrində çalışıb.
1982-ci ildə SSRİ Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının Mikologiya və Dərin Mikozlar Elmi Mərkəzinin (Hazırda Rusiya Federasiyası Elmi Tədqiqat Mikologiya İnstitutu) direktoru vəzifəsinə təyin edilmiş və 1993-cü ilə qədər bu vəzifədə çalışıb. Qeyd etmək istərdik ki, Z.Ö.Qarayev səhiyyə sahəsində ümumittifaq və dünya əhəmiyyətli instituta uzun müddət rəhbərlik etmiş çox az sayda azərbaycanlı alimlərdən biridir. Müstəqillik qazandıqdan sonra vətənə qayıdan Zakir Qarayev 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Elmi-Tədqiqat Mikrobiologiya, Virusologiya və İmmunologiya İnstitutunun Direktoru vəzifəsində çalışıb. Zakir müəllim 1998-ci ildə İstanbul Universiteti, İstanbul Tibb Fakultəsi, Mikrobiologiya və İmmunologiya kafedrasına professor vəzifəsinə işə dəvət edilmiş və 2001-ci ilə qədər bu vəzifədə çalışıb.
Professor Z.Ö.Qarayev SSRİ Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının Mikologiya və Dərin Mikozlar Elmi Mərkəzinin direktoru vəzifəsində işləyərkən dünyanın əksər ölkələrində elmi ezamiyyətdə olmuş, bir çox Universitet, Konqres və Simpoziumlarda ingilis və alman dillərində mühazirələr oxumuşdur. SSRİ-də 3 dəfə dünya miqyaslı Konqres təşkil edən Professor Z.Ö.Qarayev dünyanın ən məşhur elm xadimləri ilə əməkdaşlıq etmişdir. Təsadüfi deyildir ki, 2009-cü ilin 01-04 Oktyabr tarixlərində Bakıda təşkil olunan və 23 ölkədən 300-dən çox alimin qatıldığı 3-cü Avrasiya Klinik Mikrobiologiya, İmmunologiya və İnfeksion Xəstəliklər Beynəlxalq Konqresinin Prezidenti kimi kongresin təşkilinə gərgin əmək sərf edib.
Z.Ö.Qarayevin rəhbərliyi altında 67 elmlər namizədi, 18 elmlər doktoru yetişib. Onun yetişdirdiyi alimlərin coğrafiyası dünyanın 20-dən çox ölkəsini əhatə edir.
Professor Z.Ö.Qarayev eyni zamanda dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktoru (ABŞ, Nyu-York akademiyası, həqiqi üzv; Fransa, Sarbon Universiteti fəxri doktor; Yaponiya, Siba Universiteti, fəxri doktor) seçilib.
30 iyun 2014-cü ildə[1] AMEA-nın müxbir üzvü seçilib.
2010-cu ildə Professor Z.Ö.Qarayev Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.