“Cəmil Həsənli YAP-ın tədbirinə gedib”
Müsavatçı, sabiq deputat İkram İsrafilin Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadəni övladının toyuna dəvət etməsi və Facebook-da yayılan fotoşəkillər hələ də müzakirə mövzusudur.
Bir vaxtlar Müsavat Partiyası ilə müttəfiq olan AXCP təmsilçiləri İ.İsrafili bu addımına görə satqınlıqda suçlayıb.
AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov A.Mirzəzadəni övladının xeyir mərasiminə dəvət etdiyi üçün İ.İsrafili satqınlıqda ittiham edib: “Gör bu neçə ildə biz kimlərdən müxalifət, özümüzə müttəfiq düzəltmək istəyirdik? İndi su axıb, çuxurunu da tapıb”.
AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı N.Ədilova dəstək verib və qeyd edib ki, heç bir halda iqtidar nümayəndəsini öz sədrlərinin iştirak etdiyi məclisə dəvət etmək olmaz.
Cəbhəçilərin bu yanaşmasına müsavatçılar sərt reaksiya veriblər.
Müsavatın Məclis üzvü Alya Yaqublu Milli Şura sədri Cəmil Həsənlinin “Azərbaycan” qəzetinin ildönümü ilə əlaqədar tədbirdə iqtidar təmsilçiləri ilə görüşü barədə cəbhəçilərə sual ünvanlayıb: “Bir toyda bir qeyri-müxalifətçi deputatla bir masa arxasında oturmağı vətənə xəyanət olaraq təqdim eləyən cəbhəçi dostların şərhinə ehtiyac var. Hansı daha əcaibdi: YAP-ın tədbirinə gedib bilərəkdən YAP-çılarla bir yerdə olmaq, yoxsa müxalifətçinin toyuna gedib YAP yanlısı biriylə təsadüfən yan-yana gəlmək? Çox ümid eləyirəm ki, Natiq Ədilov “Azərbaycan” qəzetinin yubileyi partiya yoldaşının toyundan daha vacibdi deməyəcək”.
N.Ədilov Facebook-da ona verilən sualı cavabsız qoysa da, “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev belə bir şərh yazıb: “Söhbət 1989-cu ildə yaradılan müstəqil qəzetdən və həmin qəzeti yaradanların onun yubileyini keçirməsindən gedir”.
Yaranmış situasiyaya Müsavat başqanı Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli də münasibətini açıqlayıb:
“Cəmil Həsənlinin “Azərbaycan” qəzetinin yubileyində iştirakı tam normal qarşılayıram. Bu tədbirdə iştirak etmək üçün mənəvi haqqı olan adamlar çoxdur. Hər halda Mehman Cavadoğlunun rəhbərlik etdiyi dövrdə bu qəzet ölkənin ən oxunaqlı qəzetlərindən biri olub və mənim qənaətimə görə bu qəzetin yubileyində onun da iştirakı məqbul hesab oluna bilərdi. Müxalifət nümayəndələrinin hansısa tədbirlərdə iqtidar nümayəndələri ilə birgə iştirakının az qala xəyanət kimi qələmə verilməsi, bu tipli olaylar üzərindən təbliğat və əks- təbliğatın aparılması, ümumilikdə qaragüruhçu təfəkkürün təntənəsi təkcə ayrı-ayrı partiyaların deyil, bütövlükdə demokratik qüvvələrin cəmiyyətdəki nüfuzuna çox pis təsir edir. Şantaj və təhdidlərlə ortada meydan sulayan bir qrup gerizəkalının dominantlığına qarşı adekvat sağlam siyasi mövqenin ortaya qoyulması hər bir vicdanlı ziyalının borcudur”.
Kəmalə