24 Oktyabr 2014 15:16
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kin-küdurət toxumu səpirlər”

Azadlıq Partiyasının sədri Əhməd Oruc AXCP funksionerlərinin onun İsa Qəmbərlə birlikdə İkram İsrafilin toyunda iştirak etməsini, yanaşı oturmasını tənqid və ironiya ilə qarşılamasına reaksiya verib.
Əhməd Oruc bu barədə özünün Facebook hesabında yazıb. Partiya sədri qeyd edib ki, İkram İsrafilin oğlunun toyunda çəkilmiş bir şəklin bu cür qılıncla qarşılanacağı gözlənilən deyildi: “Açığı, bir sıra məqalə və müsahibələrimdə AXCP-nin demokratik düşərgədə dağıdıcı bir mövqedən çıxış etdiyini, bu yolun səhv olduğunu və tezliklə bu mövqedən çəkinəcəyinə inandığımı bildirmişdim. Amma müxalifətdaxili barışmaz mövqenin AXCP tərəfindən düşmənçilik, qisasçılıq mövqelərinə qədər irəliləyəcəyini gözləmirdim. Bir müddət əvvəl Milli Şuranın mitinqində 25 illik mübarizə yoldaşları, milli hökumət dönəmində ölkənin prezidenti səlahiyyətlərini icra etmiş Milli Məclisin sədrinin, eləcə də baş nazirin adının belə çəkilməməsi göründü. Bu gün AXCP milli hərəkatdan gələn partiyalardan tamamilə uzaq düşüb, onlara qarşı kin-küdurət toxumu səpməyə girişib.

İndi isə eks millət vəkili İkram İsrafilin oğlunun toyuna millət vəkillərini (o cümlədən YAP-dan olanları) dəvət etməsini “milli xəyanət” səviyyəsinə qaldırıblar. Bu işin başında Əli Kərimlinin birinci müavini və mətbuat xidmətinin rəhbəri, yəni Əli Kərimlinin özü durur. Açığı, ictimai aktiv kəsimə daxil olan insanların xeyir-şər işlərində həmişə hakimiyyətin də, müxalif kəsimin də, “konstruktiv” müxalifətin də nümayəndələri iştiak edir. Bu, millət kimi formalaşmaq istiqamətində bizim əldə etdiyimiz çox az nailiyyətlərdən biridir”.

Əhməd Oruc qeyd edib ki, olan-qalan münasibətlərin pozulmasının, düşmənçiliyin, barışmazlığın qəti əleyhinədir: “Hakimiyyət və müxalifəti düşmənçilik mövqelərinə keçən ölkələrin hansı bəlaların girdabında olduğu göz önündədir. Bu cəmiyyətin milli maraqları birmənalı şəkildə barış, əməkdaşlıq tələb edir. Cəmiyyətdə barış, əməkdaşlıq, ədalət, milli bərabərlik, qarşılıqlı inam olmayacağı halda biz heç bir problemi həll edə bilmərik, əksinə bu düşmənçilik bir millət olaraq bizi daha da gücdən sala, çətin duruma sürükləyə bilər.

Zənnimcə Mill Şuranı bu cür uğursuz bir mövqeyə sürükləyən iki səbəb var. Birincisi odur ki, Milli Şura kiməsə göstərməyə çalışır ki, bəs cəmiyyətdə onlardan başqa barışmaz mövqedə olan heç bir qüvvə yoxdur. Bəlkə də belə bir qarşıdurma üçün kiminsə sifarişi var və bunlar da obrazlı şəkildə desək, “içdiyi çaxırın pulunu” vermədən şuluq salıb aradan çıxmaq istəyirlər”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər