Məlahət İbrahimqızı: “Qorxularından çıxış edə bilmirdilər”
“Ermənistanın danışıqlarda iştirakı indiyədək yalnız imitasiya xarakteri daşıyıb. Ona görə də, hələlik münaqişənin həlli yönündə hansısa nəticədən danışmaq mümkün deyil. Erməni tərəfi qorxaq və riyakardır. Mən bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm və şahidi olmuşam ki, Ermənistan nümayəndələri həmin tədbirlərdə Azərbaycan və Türkiyə nümayəndələri iştirak etdiyi zaman qorxularından çıxış edə bilməyiblər. Çünki haqq-ədalət onların tərəfində deyil. Amma bizim nümayəndələr tədbir keçirilən zalda olmayanda onlar əleyhimizə böhtan, yalan dolu çıxışlar ediblər. Bu da onların qorxaqlığını və riyakarlığını sübut edir”.
Bunu millət vəkili Məlahət İbrahimqızı deyib. O, həmçinin bildirib ki, Ermənistanda əhali ölkəni sürətlə tərk edir: “Bunun əsas səbəbi isə işğalçılıq siyasətinin erməni xalqına vurduğu ziyandır. Ermənistan hakimiyyəti isə bu vəziyyəti izah etmək üçün müxtəlif üsullara əl atır. Onlar xaricdən gələn yardımlarla dolanmağa məcburdurlar. Amma işğalçı Ermənistanı himayə edən xarici qüvvənin də vəziyyəti yaxşı deyil. Ona görə də, Sərkisyan rejimi həmişə xaricdən yardım ala bilməyəcək. Bir gün buna son qoyulacaq. Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunan faktdır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Təbii ki, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu Dağlıq Qvarabağ probleminin həllində ölkəmizin üstünlüynü artırır. Reallıq Azərbaycan dövlətinin inkişafının dinamik xarakter aldığını göstərir”.
Millət vəkili əlavə edib ki, mövcud vəziyyət regional təhlükəsizliyə ciddi təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl yaradır: “Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Onun üçün zərurətdir ki, münaqişənin həlli prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı və problemin həlli istiqamətində hüquqi norma və qaydalarla təsbit edilmiş effektiv metodlara baş vurmalıdır. ATƏT-in Minsk qrupu Ermənistana qarşı xüsusi təzyiq mexanizmi və vasitələrindən istifadə etməlidir. Bu, danışıqlar prosesində pozitiv dinamikanın yaranmasına səbəb ola bilər”.
Cavidan