Babək Muğanlı: "Göz önündə Urmiya gölü quruyur, bunlar Xəzərdən Xorasana su çəkməkdən bəhs edirlər"
İranın İslami Şura Məclisinin (parlament) sosial məsələlər komissiyasının sədri Əbdürrza Əzizi İRNA agentliyinə müsahibəsində bildirib ki, ölkənin müxtəlif bölgələrində yaşanan su çatışmazlığı probleminə vaxtında diqqət yetirilsəydi, məsələ bu cür kəskin xarakter almazdı. Komissiya sədri əlavə edib ki, xoşbəxtlikdən mövcud İran hökuməti bu problemi diqqətdən kənarda saxlamır: "Hazırda su çatışmazlığı problemini kompensasiya etmək üçün müxtəlif təkliflərə baxılır. Bu təkliflərə ölkə xaricindən su gətirilməsi, Xəzər dənizindən, Oman və Fars körfəzindən suyun şirinləşdirilərək götürülməsi, həmçinin süni yağış yağdırılması daxildir".
Ə.Əzizi qeyd edib ki, zəruri araşdırmalardan sonra "Xəzər dənizindən Məşhədə su daşınması barədə təkliflər" layihəsi baxılması üçün ölkə prezidentinə təqdim olunub. Layihə Gülüstan, Simnan, Şimali Xorasan və Xorasan-Rəzavi əyalətlərini əhatə edəcək. İran parlamentinin komissiya sədri qeyd edib ki, layihənin reallaşması nəticəsində Xəzərin suyundan yararlanacaq əyalətlərdə 10-12 milyon insan yaşayır.
Qeyd edək ki, Xəzər İranla yanaşı, daha 4 ölkənin sahillərini yuyur. Sahilyanı ölkələrdən hansısa biri Xəzərin su ehtiyatlarından istifadə etmək istəsə, sözsüz ki, digər 4 ölkənin də razılığı tələb olunur. Rəsmi Tehranın atmaq istədiyi addımın Xəzərin su ehtiyatına nə cür təsir göstərəcəyi məsələsi də açıq qalan suallardandır.
Onu da xatırlatmaq yerinə düşər ki, məhz İran hakimiyyətinin diqqətsizliyi və laqeydliyi üzündən dünyanın ən böyük duzlu göllərindən hesab olunan Urmiya gölünün artıq 97 faizi quruyub və ərazidə böyük ekoloji fəlakət yaşanır. Gələcəkdə bu fəlakətin daha geniş əraziləri əhatə edəcəyi gözlənilir.
Məsələyə münasibət bildirən Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı deyib ki, İran parlamentində dəfələrlə bu cür layihələr gündəmə gətirilir. Ancaq onun sözlərinə görə, bu layihələrin hamısı kağız üzərində qalır: "Mən artıq İran rəsmilərinin bununla bağlı fikirlərini ciddiyə almıram. Göz önündə Urmiya gölü quruyur, bunlar Xəzərdən Gülüstana, Xorasana şirinləşdirilmiş su çəkməkdən bəhs edirlər. Digər tərəfdən, Xəzər İranın daxili ərazi suları deyil, dənizin sahilində 5 ölkə yerləşir. Sahilyanı ölkələrin birinin icazəsi olmadan heç bir ölkə Xəzərdən normadan artıq su götürə bilməz. Xəzərin suyu Xəzəryanı ölkələr arasında tam bölünüb".
B.Muğanlı deyib ki, sözügedən əyalətlərdə Ə.Əzizinin özünün də dediyi kimi 10-12 milyon əhali yaşayır: "Ancaq Güney Azərbaycanda 35 milyon əhali yaşayır. Güney Azərbaycanda yerləşən Urmiya gölü artıq quruyub. Vəd verdilər ki, Urmiya gölünün bərpası üçün 1 milyard dollar pul ayrılacaq. Ancaq bu, elə vəd olaraq qaldı. Gölə Xəzərdən su çəkəcəklərini dedilər, çəkilmədi, Araz çayından su çəkəcəklərini dedilər, halbuki Arazın suyunun çəkilməsi üçün 3 il vaxt lazım idi. Digər tərəfdən, Araz çayı Urmiya gölünə nisbətən dəniz səviyyəsindən daha aşağıda yerləşdiyi üçün güclü pomp avadanlıqları quraşdırılmalı idi".
Süni yağış məsələsinə gəldikdə isə, B.Muğanlı bildirib ki, hökumətin bu istəyi İranda dolaşan bir lətifəni yada salır. Belə ki, İran hökuməti bir müddət öncə Türkmənistanla sərhəddə Gülüstan ostanının başkəndi Qorqanda süni yağış yağdırmaq istəyib. Ancaq nəticədə yağış İranla həmsərhəd olan Əfqanıstana yağıb: "Yəni bu dövlətin bu cür çoxlu "səriştəli" mütəxəssisləri var. Dövlətin işə götürdüyü adamların birincisi saqqalı olmalı, sonra o mütəxəssis olmalıdır. Xomeyni və Xamneyinin qoyduğu qaydalar bundan ibarətdir ki, parlamentə gedən adamların, yaxud dövlət işçiləri ilk növbədə zahiri islamiyyət hifz etməli, sonra mütəxəssis olmalıdır. Süzgəcdən keçirilmiş, savadsız, səriştəsiz adamlar gedib məclisdə oturandan sonra Urmiya gölü də, Fars körfəzi də, Amudərya çayı da quruyacaq. Artıq bunların hamısı qurumaq üzrədir".
Müsahibimiz qeyd edib ki, hökumətin səriştəsizliyi nəticəsində İranda su çatışmazlığı problemləri təkcə Güney Azərbaycanı və ya Ə.Əzizinin adını çəkdiyi bölgələri əhatə etmir: "Su problemi üzündən İsfahan əhalisi kütləvi şəkildə Tehrana köç edir. Son 100 ildə İsfahanda bütöv kəndlər boşalıb. Yaxud, Urmiya gölünə axan çayların üzərində imkanlı adamlar icarəyə götürdükləri torpaqları suvarmaq üçün 22 iri su bəndi tikilib. Hələ mən kiçik torpaq bəndləri demirəm. Bir neçə çayın üzərində 22 su bəndi vurulanda Urmiya gölünə su haradan gəlib çatmalıdır?! Əgər bunlar, həqiqətən də, Urmiya gölünün qurumasının qarşısını almaq, digər ekoloji və içməli su problemini həll etmək istəyirlərsə, ilk növbədə Urmiya gölünə görə Urmiyada və Tərbizdə tutulanları azadlığa buraxardılar. Bu addımları atmadan hökumətin keçirəcəyi hər hansı layihə, o cümlədən İran parlamentinin komissiya sədrinin fikirləri qeyri-səmimidir və həyata keçməyəcək bir layihədir".
Səxavət HƏMİD