8 Sentyabr 2021 16:22
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü “Qanun və Hədəf” qəzetinin jurnalisti kimi təqdim edən Xəyalə Məlikova Sabirabad rayonunun Həşimxanlı kənd sakini Ayaz Qəhrəman oğlu Nəcəfovun etibarından sui-istifadə edərək pulunu ələ keçirməkdə ittiham olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə zərərçəkmiş Ayaz Nəcəfovun özü məlumat verib.

Bildirib ki, Xəyalə Məlikova ona özünü “Qanun və Hədəf” qəzeti, həmçinin “qanunvehedef” saytının xüsusi müxbiri kimi təqdim edib və geniş imkanlara malik olduğunu deyib: “İşə düzəlmək üçün onunla söhbət etdim. Söhbət zamanı Xəyalə Məlikova geniş imkanları olduğunu, məni işə düzəldə biləcəyini söylədi. Mən də onunla razılaşdım. Mənə qızına məxsus bank kartının hesab nömrəsini göndərdi, pulu ora köçürdüm. Bundan sonra onunla əlaqə saxlaya bilmədim”.

Şikayətçi qeyd edib ki, Xəyalə Məlikova ona "Şirvan oil" şirkətinə işə düzəldə biləcəyini söyləyib: “Mənə dedi ki, sənədləri düzəldərsən, əmanəti qoyursan arasına, aparıb onlara verirəm, uzağı üç ay müddətinə səni işə çağırırlar. Bildirdi ki, oranın böyüyü İltizam müəllimdir, şirkətə fəhləni 6 min manata götürürlər, əməkhaqqı 700-800 manatdır”.

Şikayətçi üzləşdiyi olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Teleqraf.com-un əməkdaşı adı ittihamda hallanan Xəyalə Məlikovadan şikayətə münasibət öyrənməyə çalışıb. Telefon zənglərimizə cavab verməsə də, “votsap” sosial şəbəkəsi vasitəsi ilə yazaraq ittihamların ona aidyyəti olmadığını deyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər