12 Noyabr 2014 12:14
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əliməmməd Nuriyev: “Parlament üzvlərinin sayı artırılmalıdır”

“Parlament üzvlərinin sayının artırılması çox vacib məsələdir. Bu da konstitusyon normalarda dəyişiklik edilməsini zəruri edir. Çünki Azərbaycan əhalisinin artması, eyni zamanda, bütövlükdə bu prosesdə vətəndaşların birbaşa iştirakının daha geniş miqyasda təmsilçiliyinin təmin edilməsi bunu zəruri edir. Hətta əhalisi Azərbaycandan az olan ölkələrdə parlament üzvlərinin sayı bizimkindən daha çoxdur. Qonşu Gürcüstanda 150 parlament üzvü var. Parlamentdə sayın artırılması əhali təmsilçiliyinin artırılmasına gətirib çıxara bilər”.

Bunu Teleqraf.com-a müsahibəsində “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev bildirib.

Müsahibəni təqdim edirik:

- Əliməmməd bəy, Azərbaycan Respublikasının Konstitusiyası digər qanunlara mayak ola bildimi?
- Konstitusiya hər bir dövlətin əsas qanunudur. Konstitusiya təkcə hüquqi akt deyil, həm də siyasi-hüquqi aktdır. Bu ali qanunun qəbulu cəmiyyətdə mövcud olan münasibətlərin nəticəsi kimi meydana çıxır, gələcək münasibətlərin inkişaf platformasını özündə müəyyən edir. Bütün qanunvericilik sistemi konstitusyon normalara tabe olmalı, ondan yaranmalıdır. Əgər hər hansı normativ hüquqi akt, qanunlar konstitusyon normalarla ziddiyyət təşkil edirsə, həmin normalar tətbiq oluna bilməz, olsa belə, bu amil tezliklə aradan qaldırılmalıdır. Bunun üçün də konstitusiyaya nəzarət orqanı olan Konstitusiya Məhkəməsi fəaliyyət göstərir. Konstitusiya bizim əsas hüquq sistemimizi müəyyənləşdirməklə yanaşı, bu sistemin inkişafında, hüquqi islahatların hərəkətə gətirilməsində mühüm rol oynayıb. Konstitusiya Azərbaycan qanunvericilik sisteminin kompasıdır, onu irəliyə aparan, yeni ictimai münasibətlər yarada bilən mühüm siyasi aktdır. Eyni zamanda, konstitusiya ölkədə gələcək inkişafın təmin edilməsinin əsas sənədi hesab olunur. Konstitusiya həm də ölkədəki siyasi rejimi müəyyənləşdirən siyasi aktdır: siyasi rejim bütövlükdə nədən ibarətdir, insan hüquq və azadlıqları hansı formada təmin edilməlidir, hakimiyyətin qolları necə təsbit olunmalıdır, yerli özünü idarəçilik hansı formada həyata keçirilməlidir...1995-ci ildə qəbul edilən Konstitusiya bütövlükdə hüquqi dövləti tam şəkildə özündə ehtiva edir. Şübhəsiz ki, sonrakı 2002 və 2009-cu illərdə referendumla əsas qanuna edilən əlavə və dəyişikliklər konstitusiyanı daha da inkişaf etdirib. Fəaliyyət göstərən Konstitusiya Məhkəməsi də Azərbaycanda əsas qanunun ənənələrinin inkişafına öz töhfəsini verməkdədir.

- 2009-cu ildə konstitusiyaya edilən dəyişiklikləri necə şərh edərdiniz?
- Həmin dövrdə konstitusiyaya edilən əlavə və dəyişikliklər zamanın, ictimai münasibətlərin inkişafına yönələn dəyişikliklər idi. O zaman bununla bağlı mübahisə doğuran məsələlər vardı. Cəmiyyətdə müzakirə olunurdu ki, prezidentin seçilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılsın və ya qaldırılmasın. Bəzi ölkələrdə prezidentin seçilməsi ilə bağlı müəyyən məhdudiyyətlər var. Bir sıra ölkələrdə iki və daha çox, hətta 1 dəfə prezident seçilməsi mövcuddur. Yəni, bu məsələ ilə bağlı müxtəlif yanaşmalar var. Fikrimcə, bütövlükdə bu məhdudiyyətin aradan götürülməsi insanların seçim hüququnu hər hansı formada məhdudlaşdırmadı. Azərbaycan vətəndaşları yenə də seçmək hüququndan istifadə edir. Fəaliyyətdə olan prezidentin namizədliyi irəli sürüldükdə insanlar onu seçə də bilər, seçməyə də bilər. Yəni, hər şeydən əvvəl bu, bütövlükdə şəxsin seçim azadlığına hansısa məhdudiyyət yaratmadı. Hüquqda istənilən fikir mübahisə doğurur və burada fərqli yanaşmalar var. Digər tərəfdən, 40 min vətəndaşın imzası ilə vətəndaşlara birbaşa qanunvericilik təşəbbüsü hüququ verildi. Yəni, bu qədər imza toplamaqla hər hansı qanun layihəsini irəli sürmək olar. Bu da çox vacib olan məsələdir ki, subyektlərin, vətəndaşların qanunvericilik prosesində birbaşa iştirakı təmin edilir. Bu da ictimai iştirakçılığın ən yüksək pillələrindən biridir. O cümlədən uşaq əməyi ilə bağlı yaş həddi artırıldı və konstitusiyada öz həllini tapdı. Yerli özünüidarə ilə bağlı bir sıra məqamlar konstitusyon normaya daxil edildi. Həmçinin digər çoxsaylı məqamlar var ki, inkişafa doğru atılan addımlar idi. Konstitusiya dəyişə bilməyən bir sənəd olmamalıdır. Bu ali sənəd ictimai münasibətlərin inkişafını nəzərə almalı, bu inkişafın irəli aparılması üçün özündə normaları ehtiva etməlidir. Müvafiq əlavə və dəyişikliklərdən sonra çoxsaylı konstitusyon qanunlar qəbul edilib. Bu da konstitusiyaya əlavə kimi qəbul edilir və bu ana sənədin normalarının daha da inkişafını göstərir. Bu günün özündə də konstitusiyaya yenə dəyişikliklər edilməsi mümkündür. Ümumiyyətlə, ictimai münasibətlərin, qanunvericiliyin təkmilləşdirilməsi prosesi daimi xarakter almalıdır. Biz gələcəkdə də konstitusiyaya əlavə və dəyişikliklər vasitəsilə onun daha təkmilləşdirilməsinə çalışmalıyıq. Çünki müasir hüquq sisteminə uyğunlaşmaq lazımdır. Eyni zamanda, Avropa dəyərlərinin qəbulu, beynəlxalq konvensiyaların Azərbaycan tərəfindən imzalanmasının özü də konstitusiyanın inkişaf etməsini zəruri edir. Ona görə ki, konstitusyon normalar beynəlxalq hüququn normalarıdır. Konstitusiyaya daima inkişafda olan bir orqanizm kimi baxmaq lazımdır. Konstitusiya özündə dəyərləri ifadə edən bir dəyərdir. Xüsusilə, Azərbaycan Konstitusiyasının ən mühüm xüsusiyyətləri ondan ibarətdir ki, birbaşa bu ali hüquqdan istifadə etmək mümkündür. Bu günün özündə də konstitusiyaya əlavə və dəyişikliklər edilməlidir. Bu gün həm də Konstitusiya normalarının mühafizə edilməsi ilə bağlı müəyyən qurumun yaradılmasına ehtiyac vardır. Bir çox hallarda görürük ki, konstitusyon dəyərlərə qarşı hərəkətlilik var. Əlbəttə, Konstitusiya Məhkəməsi var və fəaliyyət göstərir. Bu qurum konstitusiyada ziddiyyət olarkən onun aradan qaldırılması üçün lazım olan bir institutdur. Eyni zamanda, bu məhkəmə hər hansı bir təşəbbüsü özü qaldıra bilməz və ona müraciətlər, sorğular edilməlidir. Bir çox ölkələrin özündə də konstitusiyaya nəzarət qurumları var, hətta Almaniyanın özündə belə bir qurum fəaliyyət göstərir. Azərbaycanda da bu qurumun yaranmasına ehtiyac var.

- Hansı sahədə konstitusiyaya əlavə və dəyişikliklər edilməlidir?
- Hökumətin hesabatlılığının artırılması üçün konstitusiyaya yeni normaların daxil edilməsi zəruridir. Hökumətə etimadın göstərilməsi ilə bağlı konstitusyon normalar mövcuddur, amma bunlar natamamdır. Bu institutun gücləndirilməsinə ehtiyac var. Eyni zamanda, Azərbaycanda proporsional seçki sisteminin tətbiq edilməsinə yenidən baxmaq lazımdır. O cümlədən parlament üzvlərinin sayının artırılması çox vacib məsələdir. Çünki Azərbaycan əhalisinin artması, eyni zamanda, bütövlükdə bu prosesdə vətəndaşların birbaşa iştirakının daha geniş miqyasda təmsilçiliyinin təmin edilməsi bunu zəruri edir. Hətta əhalisi Azərbaycandan az olan ölkələrdə parlament üzvlərinin sayı bizimkindən daha çoxdur. Qonşu Gürcüstanda 150 parlament üzvü var. Parlamentdə sayın artırılması əhali təmsilçiliyinin artırılmasına gətirib çıxara bilər. Konstitusyon nəzarət orqanlarından biri olan Hesablama Palatasının səlahiyyətlərinin daha da dəqiqləşdirilməsinə, genişləndirilməsinə ehtiyac var. Bu baxımdan bu sahədə də islahatlar aparılmalıdır. Bəzi hallarda konstitusyon normalarda müəyyən çatışmazlıqlar özünü göstərir, natamamlıqlar da var. Biz referendum vasitəsilə bu sahədə dəyişikliklər edə bilərik.

- Elə olubmu ki, parlamentin qəbul etdiyi qanunlar Konstitusiya ilə ziddiyyət təşkil etsin?
- Bu, istisna deyil. Bir sıra hallarda parlament tərəfindən qəbul edilən qanunun ayrı-ayrı normaları konstitusyon normalarla ziddiyyət təşkil edə bilər. Bununla bağlı indiyədək Konstitusiya Məhkəməsi tərəfindən bir çox normalar qəbul edilib. Məhz buna görə də Konstitusiya Məhkəməsi bu məsələlərə aydınlıq gətirir. Azərbaycanda “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanunu qəbul edildi və bu normativ hüquqi aktlara tələblərin artırılmasına gətirib çıxarmalıdır. Çünki bu qanunun özündə qanunların hazırlanması ilə bağlı çox sərt tələblər var.

- Konstitusiya Məhkəməsinin qərarlarının icrasında bir sıra hallarda ləngimələr olur. Bu, nə ilə bağlıdır?
- “Konstitusiya Məhkəməsi haqqında” Qanuna görə bu məhkəmənin qərarları qətidir və dərhal icra olunmalıdır. Bu, hər hansı mübahisə yarada bilməz və buna dövlət təminat verir. Amma bəzi hallarda olub ki, Konstitusiya Məhkəməsinin bu və ya digər qanunvericilik aktlarının qəbul edilməsi ilə bağlı qərarlarının icrasında müəyyən qədər ləngimələr olur. Düşünürəm ki, parlament tərəfindən və müvafiq strukturlar, qanunvericiliyin subyektləri tərəfindən bu istiqamətdə yeni layihələrin hazırlanması, qanunlara əlavə və dəyişikliklərin edilməsi vacibdir və bu prosesi sürətləndirmək lazımdır. Amma, eyni zamanda, yaxşı olar ki, Konstitusiya Məhkəməsi hər ilin sonunda qəbul etdiyi qərarların icra vəziyyəti ilə bağlı özü üçün bir monitorinq aparsın. Yaxud da, o işi bizə həvalə etsəydi, məmnuniyyətlə monitorinq apararıb müəyyənləşdirərdik ki, Konstitusiya Məhkəməsinin qərarları nə qədər effektiv icra olunur.

Bəxtiyar Məmmədli


Müəllif:

Oxşar xəbərlər