13 Noyabr 2014 10:53
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentində Dağlıq Qarabağın "müstəqil dövlət" kimi tanınmasını nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılmayıb.

Müxalifətçi "İrs" Partiyasının parlamentə təqdim etdiyi "Dağlıq Qarabağın və Ermənistanın təhlükəsizliyinin hərbi-siyasi əsasları haqqında" qanun layihəsinin müzakirəsi zamanı "İrs" Partiyasının liderlərindən olan Zarui Postancyan qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasının vacibliyini vurğulayaraq artıq bunun vaxtının çatdığını deyib. Lakin parlament müxalifətin bu təşəbbüsünü dəstəkləməyib və sənəd səsverməyə çıxarılmayıb.

"Tanınma qərarı Ermənistan üçün siyasi ölüm olardı"

Məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc qeyd edib ki, bu qanun layihəsi Ermənistan parlamentinin divarları daxilində çoxdandır dövr edir. Onun sözlərinə görə, bu, yeni məsələ deyil, bundan siyasi xal qazanmaq və ya hakimiyyətdəki qüvvələri küncə sıxmaq üçün çox istifadə etməyə çalışıblar: "Amma Sərkisyan rejimi hərbi cəhətdən Qarabağın işğalında rol oynasa da, siyasi və hüquqi cəhətdən bunun tanınmasının çox böyük mənfi nəticələr verəcəyini də anlatdılar. Onu başa saldılar ki, əgər Ermənistan bu addımı atacaqsa, regionda nələr gerçəkləşə bilər. Söhbət təkcə danışıqlar prosesinə zərbə vurulması, birtərəfli qaydada Ermənistanın bu prosesdən çıxmasından getmir. Avtomatik olaraq Dağlıq Qarabağı hansı ərazidə tanıdığını göstərməlidir. Məhz sovet dövründə muxtar vilayət kimi mövcud olan və 4,38 min kvadrat kilometr əraziyə malik olan bir subyekti guya beynəlxalq hüquq nöqtey-nəzərindən tanıdıqlarını bildirəcəklərsə, bu, o deməkdir ki, əllərində olan 7 rayondan tamamilə kənar durmalı olduqlarını həmin aktla təsdiq edəcəklər. Digər tərəfdən, sadəcə, fərdi tanınmaqla iş bitmir və birbaşa olaraq başqa məsələlər işə düşməlidir. Bu da beynəlxalq dairələrdən dəstək almaqdır, Qarabağa müxtəlif xarakterli yardımlar göstərməkdir. Onların sonrakı dövrdə hasısa səviyyədə Azərbaycanla münasibətlərinə təsir göstərməkdir. Bu halda ermənilər Laçın dəhlizini də, digər hər şeyi itirir. Yəni, dünən Azərbaycan içərisində olmaqla indi Minsk qrupu çərçivəsində ona axtarılan statusun hesabına Ermənistan və kənar aləmlə müəyyən bir əlaqə istənilirdisə, indiki gerçəklikdə tanınmadan sonra özləri həmin qərarın girovuna çevriləcək. Ermənilər üçün başqa bir təhlükə də var. Politoloji fikirdə bu, belə yer alır: "Əgər sən bizim içərimizdə olmaq istəmirsənsə, başqa bir azlığı da öz içərimizə qəbul eləməyə məhkum olmalısan". Bu mürəkkəb terminin arxasında dayanan reallıq nədir? Yəni, Qarabağ erməniləri Azərbaycanda bir etnik azlıq kimi yaşamaq istəmirlər. 1988-ci ilin statistikasına və demoqrafik göstəricilərinə görə Dağlıq Qarabağda 90 min erməni, 45 min azərbaycanlı var idi. Bu halda onlar saxta bir dövlət elan etdiyi halda bəyan etməlidilər ki, azərbaycanlıların burada yaşamaq hüququnu tanımalıyıq. O vəziyyətdə azərbaycanlıların tamamilə ixtiyarı var ki, onlara "əgər siz Azərbaycanın ixtiyarında yaşamaq istəmirsinizsə, biz də sizin tərkibinizdə yaşamağı qəbul etmirik" desinlər. Beləliklə, Kosovadakı mənzərə meydana çıxır. Ona görə də tanınma qərarı Ermənistan üçün siyasi ölüm olardı. On illərlə bunu parlamentdə gündəliyə çıxarsalar da, yenidən geri qayıdacaq".

"Ermənilər bu məsələdə həddən artıq narahat idilər"

Millət vəkili Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Xudiyevin geri qaytarılması məsələsinə toxunaraq deyib ki, onların "məhkəmə" səhnəsini təşkil etməklə "DQR"lə hansısa bir formada əlaqələr qurulmasına can atılırdı: "Guya ki, oranın müxtəlif hüquqi qurumları, dövlət strukturları, məhkəməsi var imiş və buna görə də çıxarılacaq qərarlar da hansısa bir qanuni qüvvəyə malikdir. İkinci tərəfdən isə ermənilər bu məsələdə həddən artıq narahat idilər. Onlar hesab edirlər ki, bu qurama proseslə öz dədə-baba torpaqlarına gedən azərbaycanlıların sayının artmaması üçün bəri başdan önləyici tədbirlər alırlar. Ona görə də belə səhnələr qurdular və həddindən artıq qeyri-adekvat qəddarlıq, girovları terrorçu qələmə vermə kimi yola əl atdılar. Ancaq ermənilər bilirlər ki, Azərbaycanın dövlət başçısı bu məsələni beynəlxalq görüşlərdə fəal şəkildə ortaya qoyubsa, onların bu dəfə də çox qətiyyətli və fərqli bir yolla geri dönüşünü təmin edəcək".

"Teatr tamaşasından başqa bir şey deyil"

Politoloq Fikrət Sadıxov bildirib ki, "Dağlıq Qarabağ"ın tanınması ilə bağlı qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması Ermənistanda siyasi qarşıdurmanın nəticəsi idi. Onun fikrincə, bu, müxalifət partiyalarının təklifi idi: "Bu, ilk növbədə rəsmi dairələrə qarşı yönələn bir təklifdir. Çünki bu, rəsmi Yerevana əlverişli bir təklif deyil və onlar bunu yaxşı başa düşür. Bunlar sadəcə olaraq ara qızışdırmaq fikrindədirlər və rəsmi Yerevanın nüfuzunu daha da endirmək istəyirlər. Amma Ermənistan iqtidarı o qədər aşağı səviyyədədir ki, bu qanunun olmasına heç ehtiyac da yoxdur. Digər tərəfdən, bu, sadəcə olaraq, görüntü xarakteri daşıyır. Çünki hər iki tərəf, həm müxalifət, həm də Ermənistan iqtidarı bilir ki, bu qanun layihəsi heç vaxt təsdiq olunmayacaq və Ermənistan Dağlıq Qarabağı bir dövlət kimi tanımayacaq. Ona görə ki, aparıcı dövlətlər, beynəlxalq təşkilatlar var və onların bu münaqişəyə münasibəti artıq bəllidir. Hətta onların yaxın müttəfiqi Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı heç vaxt dövlət qurumu kimi tanımaq fikrində deyil. Ona görə də bunlar hamısı uydurmalardır və teatr tamaşasından başqa bir şey deyil".

"Aparıcı dövlətlərin biganəliyi ilə rastlaşmışıq"

F.Sadıxov girovların qaytarılması məsələsinə münasibət bildirərək deyib ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlərin təzyiqindən sonra bu mümkün ola bilər. Onun sözlərinə görə, onlar real vəziyyəti nəzərə almalıdırlar və oyunlarla məşğul olmamalıdırlar: "Biz hələlik aparıcı dövlətlərin biganəliyi ilə rastlaşmışıq. Onlar tərəfindən heç bir addım atılmır. Amma Azərbaycan bu məsələdə öz mövqeyini sərtləşdirməli və bütün yüksək tribunalardan bu problemi gündəmə gətirməlidir. Əks halda girovların vəziyyəti pisləşə və onların gələcək taleyi müəmmalı ola bilər”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər