Azər Süleymanov: “12 deputata təzyiq edildi”
Qonşu Gürcüstanda “Gürcü arzusu” koalisiyası artıq ilk çatını verib. Hakimiyyətdə təmsil olunan xarici işlər naziri və müdafiə naziri istefaya gedib, eləcə də bir neçə səfir fəaliyyətini dondurub. İstefaların bundan sonra da davam edəcəyi gözlənilir.
Gürcüstanda baş verənləri siyasi böhran adlandıranlar da az deyil. Hətta bu hadisələrdən sonra hakim koalisiyanın tədricən zəifləyəcəyi, növbəti seçkilərdə müxalifətə uduzacağı iddia edilir.
Bu arada hakim “Gürcü arzusu” koalisiyasına müxalifətdə olan Milli Hərəkat Partiyası noyabrın 15-nə mitinq təyin edib. Görünən budur ki, iki illik sakitlikdən sonra qonşu ölkədə siyasi hərarət qalxmağa başlayıb.
““Gürcü arzusu” nüfuzunu itirir”
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov isə hesab edir ki, baş verənlər əslində gözlənilən idi və tədricən “Gürcü arzusu” koalisiyası xalq arasında nüfuzunu itirir: “2012-ci ilin oktyabrında Gürcüstanda hakimiyyət dəyişikliyi baş verdi, “Gürcü arzusu” hərəkatı iqtidara gəldi. Hərəkat altı partiyadan ibarət koalisyon hökumət formalaşdırdı. Onlar gələn gündən bəlli idi ki, bunun bir sonu olacaq. Elə ilk gündən koalisiya dağılmağa başladı. Hazırda Gürcüstanda hakimiyyət böhranı yaşanır. “Gürcü arzusu” vaxtilə mənim təmsil olunduğum Milli Hərəkat Partiyasının 12 deputatına təzyiq etdi və onlar bizim təşkilatdan çıxaraq Azad Demokrat Partiyasını yaratdılar, beləcə parlamentdə çoxluğa nail oldular. İndi hakim koalisiyada problem yaşanır, dağılma prosesi başlayıb. “Gürcü arzusu” hərəkatı Gürcüstan əhalisinin ağlında elə arzu olaraq qaldı. Yeni hakimiyyət yeni heç nə vermədi. Üstəlik Avropaya inteqrasiya siyasətini dayandırdı. Hərəkatın lideri Bidzina İvanişvili açıq-aydın Rusiyameylli siyasət aparmağa başladı. Artıq noyabrın 15-də “Gürcü arzusu” koalisiyanın siyasətinə qarşı çoxminlik mitinqlər keçiriləcək. Bu yaxınlarda Rusiyada bir qanun qəbul etdilər. Bu qanunla Rusiya əsgərləri Abxaziyada rəsmən olacaq, bu əraziləri müdafiə edəcək. Bu, Abxaziyanın Rusiya ərazisinə çevrilməsi deməkdir. Bu məsələyə də etiraz edəcəyik. Milli Hərəkat Partiyasının aksiyasında 50 min insanın iştirakı gözlənilir. Bu, hələ başlanğıcdır. İndiki hakimiyyət insanların problemlərini həll etmir, əvəzinə onların biznesləri bağlanır, Avropa kursundan imtina edilir. İnsanlar da artıq “Gürcü arzusu” koalisiyasına qırmızı kart verməyə başlayır”.
“Ermənistanla gizli danışıqlar aparılıb”
Milli Hərəkat Partiyasından olan millət vəkili deyib ki, artıq İvanişvilinin qurduğu koalisiya dağılmağa başlayıb: “Artıq hakim komandanın və yeritdiyi siyasətin iç üzü açılıb. Baş nazirlə prezident yola getmir. Bundan savayı hakimiyyət məxfi şəkildə Ermənistanla danışıqlar aparıb, Abxaziya vasitəsilə yolun açılması məsələsi müzakirə edilib. Azərbaycan və Türkiyə ilə dostuq, amma əl altından belə addımlar atırlar. Baş nazirin müavini bu prosesdə iştirak edib”.
“Hakimiyyət dəyişikliyi seçkidə baş verəcək”
“Gürcü arzusuna” müxalifətdə olan deputat daha sonra vurğulayıb ki, hazırda Gürcüstanda hərc-mərclik artıb, qeyri gürcü millətlərə qarşı münasibət dəyişib: “Mən heç vaxt ağlıma gətirməzdim ki, Gürcüstanda yaşayan yüz minlərlə soydaşımız indiki hakimiyyətdən narazıdır və müxalif fikirlidir. Narazılıq yüksək həddə olsa da, hər hansı bir çevriliş və qanundan kənar addımlar gözlənilmir. Biz XXI əsrdə yaşayırıq və hakimiyyət dəyişikliyinin sivil forması var. Parlament və prezident seçkiləri zamanı vətəndaşlar seçkilərə gələrək sözlərini seçki komissiyasında deməlidir. Bunun başqa yolu yoxdur. Seçkilərə hələ iki il var. Gürcüstanda yaşayan insanlar bilməlidir ki, artıq bu ölkədə inkişaf dayanıb, günü-gündən gerilik müşahidə edilir”.
Nemət