28 Dekabr 2021 11:03
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarda 13 min manatdan çox dəyəri olan qızıl zinət əşyaları oğurlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupu məlumat yayıb.

Qusar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməklə zərərçəkmişə ümumilikdə 13275 manat ziyan vurmaqda şübhəli bilinən rayon sakini Zaur Əlipoladov saxlanılıb.

Həmin şəxsin həmyerlisinə məxsus mənzilə gizlin daxil olaraq qızıl zinət əşyaları oğurlaması müəyyən edilib.

Bundan başqa, Xaçmaz rayon polis şöbəsinə müraciət edən bir neçə rayon sakini, onlara məxsus evlərdən qapını sındırma yolu ilə, pul və qızıl zinət əşyalarının oğurlanması barədə məlumat veriblər.

Daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakinləri Mövlud Bəşirov və Calal Səfərəliyev saxlanılıblar.

Həmin şəxslərin müxtəlif vaxtlarda rayon ərazisində olan evlərdən külli miqdarda pul, qızıl zinət və müxtəlif növ qiymətli əşyaları oğurladıqları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə şəhər ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə satışını həyata keçirən qadın saxlanılıb.

Şəhər sakini Vüsalə Adilova “bazar” adlanan ərazidə özünə məxsus “Changan” markalı avtomobilə yığdığı pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb.

Şöbəyə dəvət edilən qadının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən külli miqdarda partlayıcı maddələr, pirotexniki vasitələr aşkarlanıb.

V.Adilova barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov