18 sentyabr 2021-ci ildə İmişli rayonu, Çaxırlı kənd sakini Cabir Vəliyevin qəsdən öldürülməsi faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Teleqraf.com-a İmişli rayon Prokurorluğundan bildirilib.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin dayısı oğlu Azad Mürsəlov yaşadığı evin həyətyanı sahəsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Cabir Vəliyevi qəsdən öldürüb.
Azad Mürsəlov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.