Bakıda polis bir sıra cinayətlərin açılması ilə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə yanvarın 23-də Azadlıq prospektində yerləşən mağazalardan birinin kassasından 55 min manat pulun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin mağazada kassir işləyən Neftçala rayon sakini M.Əhmədova saxlanılıb.
Bundan başqa, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə yanvarın 22-də Bakı şəhər sakini M.Seyidova məxsus içərisində 2 500 manat dəyərində 2 ədəd mobil telefon və Oğuz rayon sakini R.Səmədova məxsus içərisində 600 manat dəyərində adapter, yaddaş kartı və poverbank olan çantaların oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Novruzov müəyyən edilərək saxlanılıb.
Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə rayon ərazisindəki orta məktəblərdən birinin sinif otağından 2 ədəd noutbuk və printerin oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Almyaşev müəyyən edilərək saxlanılıb.
Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə Hövsan qəsəbəsi ərazisində xətt avtobusunda qəsəbə sakini olan bir qadının içərisində pulu, mobil telefonu və sənədləri olan çantasının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Umayev müəyyən edilərək saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 312 qramdan artıq tiryək də aşkar edilərək götürülüb.