31 Yanvar 2022 14:52
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda obyektdən içərisində 63 min manat olan seyf oğurlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən obyektlərdən birindən qeydə alınıb.

Zərərçəkmiş polisə müraciət edərək yanvarın 24-də naməlum şəxslərin obyektə daxil olduğunu və xəzinədarın otağından içərisində 63 min manat olan seyfin oğurlandığını bildirib.

Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

Nərimanov rayon Polis İdarəsinin və 17-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Burxan Əliyev və tanışı Orxan Əliəkbərov saxlanılıblar.

Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Bu şəxslərdən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin obyektdən oğurluq etməyi Burxan Əliyev təklif edib.

Onlar oğurladıqları seyfi Mehdiabad qəsəbəsinə Burxan Əliyevin evinə apararaq orada sındırıblar.

Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluq təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov