İsa Qəmbər köhnə taktikasından istifadə edir
Təqribən bir il öncə kiçik statusda Müsavatın gərdişlərinin Qulliverin vərdişləri ilə eyni olduğunu yazmışdım. “Avropa.info”da çıxdı. Qınadılar. Müsavatın tarixindən, rolundan, edəcəklərindən çox danışdılar.
Amma mən bilirdim ki, Müsavat adı qədər, keçmişi qədər nələrsə edəcək deyil. İlliuziyadır. Keçmişini sinəsinə tutub hələ də yol getməkdədir. Gələcəyi görünmür. Ona görə də yazdığımdan əmin idim. İndi bir il öncəki yorucu olsa da, o statusun təkrar oxunmasını istərdim.
“Müsavatın Milli Şuradan ayrılmaqla hakimiyyət uğrunda mübarizəyə təkbaşına davam edəcəyi məlumatlarını mətbuatdan oxuyanda yadıma Qulliverin VƏRDİŞİ düşdü. Bir satirik ingilis əsərində qeyd edilir ki, boyları iki verşokdan (1 verşok 4.4sm) yuxarı olmayan liliputlar ölkəsinə düşmüş Qulliver öz böyüklüyünə o qədər əmin olmuşdu ki, bu əminlik vərdişə çevrilmişdi. Tərgidə də bilmirdi. Londonun küçələrində gəzərkən adamlara, arabalara qışqırırdı ki, yoldan çıxsınlar, yoxsa onları basıb əzər. Adamlar onun bu hərəkətinə gülür, ...., taksi sürücüləri isə bəzən onu şallaqlayırdılar...
İndi də Müsavat deyir ki, Milli Şuradan ayrılıb hakimiyyət uğrunda mübarizəyə təkbaşına davam edəcək... Eh, Qulliver...” Hə, bu da sonu! Cəmi 10 ay sonra bizim Qulliver parçalanır. İkiyəmi, üçəmi, beşəmi? Bəlkə də dünənki, bu günki başqan müavinlərinin, müşavirlərinin hərəsinin bir partiyası olacaq. Bunu zaman göstərəcək. Lap az qalıb. Hələlik bir tərəfdə İsa Qəmbər və Arif Hacılı, digər səngərdə isə Vurğun Əyyub, Qubad İbadoğludur. Hər iki tərəf (Qubad İbadoğlu istisan olmaqla) 21 illik müxalifətçilik missiyasının bu sonucla bitməsini öncədən bilməliydilər.
Amma gecikdilər. Qatar gedib. İndi bircə ümid yeri "O qatarın dalınca, baxma" mahnısınadır. Əslində bu manhı o qədər gözəldir ki, baxmağa da, səsin olmasa belə oxumağa da dəyər. Xüsusən söhbət siyasətdən gedirsə. Axı, nostalgiya hər zaman təzədir. Bölünəndə də, lap elə bölünməyəndə də.
Parçalanmanın əsasını bu dəfə də İsa Qəmbər qoydu. İsa Qəmbərin parçalanmada xüsusi bacarığı var, desək səhv etmərik. Olarsa da, bu bacarığı dəfələrlə həyatlarında yaşayanlar qiymətləndirər. Hələ 90-cı ildə AXC-nin radikallar və liberallara bölünməsində. ŞADP yarananda. Daha sonra birillik iqtidar zamanı AXC-nin bölünməsi ilə Müsavatın yaranması. Az sonra da digər qurum və birliklərin bölünməsində bu bacarıqdan hər zaman faydalanılıb. Hətta özünün jeganə namizədi olduğu “Bizim Azərbaycan” Blokunda da.
Başlayanda Mirmahmud Mirəlioğluyla, ortada Etibar Məmmədovla, sonda Rəsul Quliyevlə. İndisə növbə Müsavatın özünə çatdı. Köhnə taktika burda da işlədi. Güman ki, tarixdə elə belə də yazılacaq: Müsavatın bölünməsi bir o qədər aydın deyildi və bəlkə də bu risqə gedəcək güc yox idi. Çünki əks düşərgədə dayananların həm lider problemi vardı, həm də Azərbaycan siyasətinin ANALOQU olmayan SATQINLIQ kriteriyaları bölünməmək xofu yaradırdı.
Amma İsa Qəmbər keçmiş təcrübəsindən çıxış edərək, özü yol göstərdi. Dedi ki, gedin, istəyirsiniz partiya qurun, istəyirsinizsə rəhmətlik Hüseyn Dərya demiş “kef edin”. Mənim sizə ehtiyacım yoxdur. Yəni, həmişəki kimi - “məhlə bizim məhlədir”. 21 il yol yoldaşı olanlar bir saatın, bir müşavirənin sonunda YOLSUZ qaldılar. Özlərinə nə qədər təskinlik versələr də, “yolumuzdayıq” desələr də, YOLları yoxdur. Çünki o yol heç əvvəldən yox idi. O yol elə 93-cü ildə bitmişdi. Sadəcə kimlərsə yol var deyə, yol tapmayanlara, yol görməyənlərə guya ki, yol açırdı. Öz yolunu sırıyırdı.
Özü də 21 ildən sonra göstərəcyi yolu. İsa Qəmbərə, Arif Hacılıya, Vurğun Əyyuba, Qubad İbadoğluna nə var ki?! Onlar üçün gedəcək, açılacaq qapı çoxdur. Bəs səhəri “Facebook”da açıb, axşamı “Facebook”da qarşılayan və parçalanmanın subyekti olan müsavatçılar indi, bu sinnidə, bu durumda neyləsinlər? Vaxtında imkan vermədiniz ki, bir işin qulpundan yapışsınlar, peşələri ilə məşğul olsunlar. Problemlərini həll etsinlər. Özünüzün, ətrafınızın müəyyənləşdirdiyi SATQINLIQ kriteriyasını işə saldınız.
“Dərisi çıxmış”ları görənlər də səslərini qısıb oturdular. “SATILMIŞ” olmaq istəmədilər. İndi də gedin deyirsiniz. Hara getsinlər? Bioloji olmasa da, siyasi ömrün qurub çağında onları kim qapısından içəri buraxacaq? Heç qapı arxasında da durmağa nə üz, nə yer var.
Bu yerdə deyərlər ki, bəs o birilər? Eynən hamısı. Dünənə qədər yol gəldiklərini bir anın içində, bir müşavirədə sıradan çıxarmağa hazırdılar. Onlarla belə təcrübə var. Aldadılmış adamlar da elə onların aldatqıqları qədərdir. Hələ sabah da belə olacaq. Bu gün olmayan yolu gedənlər sabah o yoldan qovulacaq. Gedin, yoxsa Nizamnamə ilə gedecəksiniz deyəcəklər. Mən Qubad İbadoğlunu da başa düşürəm. Partiya başqanı olmaq, bu görəvin verəcəyi dividentləri istəyir. Zira bu günahmı? Yox! Amma bölünmələr, parçalanmalar üzərindəki bu görəv İsa Qəmbərə nə verdi ki, Qubad İbadoğluna da nəsə verə?!
Qubad İbadoğlu QHT-lərin “Mədən sənayesində Şəffaflıq” koalisiyasında vərdiş etdiyi məğlubedilməzlik vərdişinin partiyada keçməməsini həzm etmir. Bu məğlubiyyəti nə özünə, nə tərəfdarlarına, nə də İsa Qəmbərə bağışlayır. İsa Qəmbər isə öz oyununu qurur. Qarşıda seçki var. 2018-ci ildə keçiriləcək prezident seçkisinə indidən namizədliyini irəli sürmək də 2015-in Parlament seçkilərinə hesablanıb. Bu seçkilər isə nə Müsavatda qalanlarındır, nə də gedənlərin.
Rəfael Becanov