25 Aprel 2022 11:28
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvarın 8-də Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Bu barədə Teleqraf.com-a Xaçmaz rayon Prokurorluğundan bildirilib.

Aparılmış istintaqla zərərçəkmişin uzaq qohumu 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yivsiz ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Nail Mahmudov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov