Azərbaycanda bir çox ölkələrin qeyri-hökumət təşkilatlarının qanunla fəaliyyət göstərən nümayəndəlikləri var.
Amma elə təşkilatlar var ki, nümayəndəliyi olsa da, onlar Azərbaycan dövlətinə hesabat vermirlər. Belə təşkilatlardan biri də Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutunun (IWPR) Azərbaycan üzrə nümayəndəliyidir. Bu qurumun direktoru Şahin Rzayev fəaliyyətləri ilə bağlı açıqlamasında qeyd edir ki, gördükləri iş barədə yalnız Böyük Britaniyaya hesabat verirlər.
“Bu, qanunsuz fəaliyyətdir”
Məsələyə münasibət bildirən İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov deyib ki, ölkəyə daxil olan pullar barədə, xüsusilə, qrantla bağlı məsələlər “Qrant haqqında” qanuna tabe tutulmalıdır. Onun sözlərinə görə, bu, bütün ölkələrdən gələn qrantlara, o cümlədən də Böyük Britaniyadan maliyyələşən IWPR-ə də aiddir: “Qanuna əsasən aidiyyatı dövlət qurumlarına bununla bağlı hesabat verilməlidir. Alınan qrantın özü Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirilməlidir. Daha sonra isə hesabatlar verilməlidir. Ümumiyyətlə, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməyən qeyri-hökumət təşkilatının fəaliyyəti özü bir qanunsuzluqdur. İstər dünyada, istərsə də Azərbaycanda dövlət qurumları qeyri-hökumət təşkilatlarına daxil olan vəsait və onun hara xərclənməsi ilə bağlı məlumatlara sahib olmalıdır. Əgər bir xarici təşkilat Azərbaycanda fəaliyyət göstərirsə və dövlət qurumlarına hesabat vermirsə, bu, artıq qanunsuz fəaliyyətdir”.
“Onların hesabatlılığı şübhə altındadır”
Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, IWPR adlı təşkilat əgər Azərbaycan qanunlarına hörmət etmirsə, onda nəyə görə gedib Böyük Britaniyada oradakı jurnalistlərə təlim keçmirlər? Onun sözlərinə görə, belə bir təşkilat Ədliyyə Nazirliyindən filial və ya nümayəndəlik kimi qeydiyyatdan keçməyibsə, o zaman şəffaflığı şübhə doğurur: “İlk növbədə bu məsələ üzərində dayanmaq lazımdır ki, doğrudanmı, bu təşkilat jurnalistlər üçün təlimlər keçir? Yaxud da, təlimlər ümumiyyətlə keçirilmir və gələn pulun ancaq mənimsənilməsi həyata keçirilir? Çünki onlar qeydiyyatdan keçmədiklərinə görə, dövlət nəzarət edə bilmir və bu təşkiların dövlətin müvafiq qurumları qarşısında hesabatlılıqları yoxdur. Bu zaman maliyyənin Böyük Britaniya və ya digər dövlətdən gəlməsinə baxmayaraq, onların hesabatlılığı şübhə altında qalır”.
“Bu treninqləri Xədicə İsmayıl aparırsa...”
V.Hüseynli bu kimi təşkilatların keçdikləri treninqlərin nədən ibarət olması ilə bağlı məsələlərin də şübhə doğurduğunu deyib: “Son zamanlar ölkəmizə zidd missioner təşkilatlar, donorlar müəyyən təşkilatlar vasitəsilə girmək istəyirlər. Ona görə də onların keçdikləri treninqlərin mövzusunun nədən ibarət olması bəlli deyil. Çünki qeydiyyatsız təşkilatın fəaliyyəti hər kəs üçün qaranlıqdır. Özü də bu treninqləri Xədicə İsmayıl aparırsa, artıq bu barədə söz deməyə ehtiyac yoxdur. Ona görə ki, Xədicə İsmayılın mövqeyi ölkədə hər kəsə məlumdur. Ümumiyyətlə, 10 ilə yaxın bir müddətdə vətəndaş cəmiyyətində fəaliyyət göstərən biri kimi belə təşkilatların adları ortaya çıxanda onlara ilk dəfə rast gəlirəm. Onlar necə yaranır, hansı şəkildə fəaliyyət göstərir, bir özləri bilir, bir də pul aldıqları adamlar. Xaricdən yüksək məbləğdə maliyyə alan təşkilatların fəaliyyəti haqqında internetdən belə heç nə çıxmır”.
“Separatçı fəaliyyətlə məşğul olurlar”
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov qeyd edib ki, ölkə qanunlarına görə Azərbaycanda fəaliyyət göstərən QHT-lər qeydiyyata alınmalıdır. Onun fikrincə, IWPR adlı təşkilat Azərbaycanda fəaliyyət göstərirsə və qanunlara qarşı gəlirsə, demək ona qadağa olmalıdır: “Bu cür təşkilatların çoxu demokratiya pərdəsi altında ancaq öz kəşfiyyat maraqlarını həyata keçirirlər, separatçı fəaliyyətlə məşğul olurlar. Bir çox Qərb və ABŞ institutlarının neçə illərdir Azərbaycanda demokratiya pərdəsi altında fəaliyyətləri hər kəsə bəllidir. Ölkəsindən asılı olmayaraq, hansısa təşkilat Azərbaycanda istədiyini etməməlidir, bu, çox pis tendensiya yarada bilər. Böyük Britaniya vizasız bir nəfəri olsun belə öz ölkəsinə buraxmır. Ona görə də bu ölkəyə məxsus bir təşkilatın gəlib Azərbaycanda qeydiyyatsız fəaliyyət göstərməsi qanunlara ziddir”.
BƏXTİYAR