Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa müraciət edib.
Teleqraf.com-un məlumatına görə, E.Süleymanov İraq, Suriya və dünyanın digər hissələrində baş verən terror aktlarının, müxtəlif zorakılıq və vandalizm əməllərinin törədilməsinin qarşısının alınması üçün dünya ictimaiyyətini təcili siyasi, diplomatik, hərbi və digər tədbirlər görmək çağırışı ilə ünvanladığı 2 sentyabr 2014-cü il tarixli müraciətini cavablandırdığı üçün M.Şultsa təşəkkür edib.
Müraciətdə daha sonra qeyd edilir ki, son bir neçə ay ərzində Sizə müxtəlif məsələlərlə bağlı 3 müraciət ünvanlamışam və həmin məsələlərə dair mövqeyinizi bildirməyi xahiş etmişəm: “Siz bu müraciətlərdən yalnız İraq və Suriyada baş verənlərlə bağlı müraciətimi cavablandırmısınız. Lakin digər çox vacib iki məsələ ilə bağlı müraciətlərimi cavablandırmamısınız. Bunlar almaniyalı deputat Aleksandr Graf Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi təcili qətnamə layihəsində ehtiva edilən bəzi məlumatlarla bağlı 16 sentyabr 2014-cü il tarixli və Azərbaycanın Avronest PA-da üzvlüyünün nə üçün davam etdirməli olması ilə bağlı 23 sentyabr 2014-cü il tarixli müraciətlərdir.
Zənnimcə, baş vermiş son hadisələr mənim qeyd edilən müraciətlərimin təsadüfi olmadığını sübuta yetirir. Sizin sükutunuz yalnız Azərbaycana qarşı qərəzli münasibətinizi göstərir, əsassız ittihamlarınız isə vəzifənizin obyektivliyinə kölgə salır. Sizin bu təqdimat mərasimində dediklərinizdən sitat gətirirəm: “Avropa Parlamenti Azərbaycan rejimini səhhəti gündən-günə pisləşən bu günahsız xanımı dərhal azad etməyə çağırır”.
Göründüyü kimi, müstəqil dövlət olan Azərbaycanın məhkəmə sisteminin müstəqilliyini və kompetentliyini şübhə altına alaraq, bu “günahsız xanımın” həbsinin qanuniliyini şübhə altına alırsınız. Bu azmış kimi, Siz onu dərhal azad etməyə çağırırsınız və bu zaman Siz hər hansı hüquqi mexanizmlərdən istifadə edilməsini diqqətə belə çatdırmırsınız. Beləliklə, Sizin üçün Azərbaycan timsalında məhkəmələrin qərarına hörmətsizlik normaya çevrilib, bu ölkəyə gəldikdə hüququn aliliyi prinsipinə əməl edilməsi əhəmiyyət kəsb etmir. Bu isə son nəticədə tək bəyan edilmiş Avropa dəyərlərinə deyil, başlıca olaraq Azərbaycan Respublikasına hörmətsizliyin nümayişi anlamına gəlir.
Avropa Parlamenti kimi mühüm bir siyasi qurumun prezidenti vətənə xəyanət və korrupsiya cinayətlərinin törədilməsində təqsirli bilinən şəxsi necə “günahsız xanım” adlandıra bilər!? Siz, Avropa Parlamentinin prezidenti kimi, belə məsuliyyətsiz ittihamlarınızla beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini zədələyirsiniz. Siz öz çıxışınızda Leyla Yunusu dərhal azad etməyə çağırırsınız. Onun qanunsuz və günahsız həbs edilməsi ilə bağlı hansı hüquqi arqumentləriniz vardır? Leyla Yunus hazırda istintaq altındadır…
Digər tərəfdən, hər hansı bir tanınmış ictimai-siyasi xadim Avropa məkanında istintaqda olan bir şəxsin azad olunmasını tələb edə bilərmi? Siz və Sizin ölkəniz buna necə reaksiya verər? Əlbəttə, pis. Bəs onda niyə bunu Azərbaycana model kimi tətbiq edirsiniz?
Görünür, Sizin anti-Azərbaycan çıxışınızdan qidalanan və ruhlanan tərəfdaşlarınız və əməkdaşlarınız Azərbaycanın dünyada mənfi imicinin formalaşdırılması üçün Sizə yalan məlumatlar ötürürlər. Azərbaycana qarşı olan neqativ yalanlar Sizə o qədər xoş gəlir ki, Siz bu yalanları yoxlamaq üçün heç bir səy göstərmirsiniz.
Azərbaycan ictimaiyyəti Sizin statusunuza, imzanıza hörmət etməməyinizə çox təəssüflənir. Siz Azərbaycanın haqlı tələblərinə və şəxsən mənim Avronest PA-nın vitse-prezidenti və Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Sizə ünvanladığım müraciətlərimə cavab vermirsiniz və hətta bir çox hallarda oxumadan cavablandırırsınız. Misal olaraq 17 oktyabr 2012-ci il tarixli cavabınızı göstərə bilərəm. Cavabınızdan sitatı qeyd edirəm: “Ümid edirəm ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağa dair mürəkkəb münaqişələrini aradan qaldıracaq”.
Siz bu fikirləri ifadə edərkən Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğalından mövcud beynəlxalq hüquq normaları çərçivəsində azad edilməsinin vacibliyini sadəcə olaraq unutmusunuz və ya unutmaq istəmisiniz. Siz işğalın aradan qaldırılmasından ümumiyyətlə danışmaq belə istəməmisiniz, bu problemin həllinin məsuliyyətini təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycan tərəflərinin üzərinə atmısınız, bununla da beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin bu məsələyə biganə yanaşdığını bir daha təsdiq etmisiniz.
Vurğulamaq istərdim ki, Azərbaycan cəmiyyəti Ukrayna hadisələrini və beynəlxalq qurumların, o cümlədən Avropa Parlamentinin Ukrayna ilə bağlı fəaliyyətini diqqətlə izləyir. Azərbaycan cəmiyyəti Avropa İttifaqının ərazi bütövlüyünün pozulması ilə bağlı Ukraynaya göstərilən dəstəyin eyni səviyyədə 20% ərazisi 23 ildən artıq müddət ərzində işğal altında qalmış Azərbaycana da göstərilməsini tələb edir.
Seçicilərim, Avronest nümayəndə heyətimin 17 üzvü, eyni zamanda onların hər birinin seçicisi bizə sual edir: Martin Şultsun azadlıq və vəhdət evi hesab edilən Avropa Parlamentinin prezidenti kimi bu cür anti-Azərbaycan təbliğatından sonra Azərbaycan Avropa Parlamentindən həqiqi bərabər münasibət gözləyə bilərmi?
Sonda bir daha xatırladıram ki, Sizə ünvanladığım 16.09.2014, 23.09.2014-cü il tarixli və digər məktublarım hələ də cavabsızdır”.