Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə bir sıra partiyaların üzvləri qatılıb. Lakin REAL Hərəkatı bələdiyyə seçkilərinə qatılmayacağını, bütün resursları ilə 2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini bildirmişdi. Buna baxmayaraq, son günlər bəlli olub ki, REAL üzvlərindən bələdiyyəyə namizədliyini irəli sürənlər olub.
Məsələyə münasibət bildirən REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli bildirib ki, onlar qurum olaraq bələdiyyə seçkilərinə qatılmırlar. Onun sözlərinə görə, üzvlərdən kimsə bələdiyyə seçkilərində iştirak etmək istəyirsə, fərdi təşəbbüs kimi REAL bunu əngəlləmir: “Nə qədər üzvümüzün bələdiyyə seçkilərinə namizədliyini irəli sürdüyünü deyə bilməyəcəyəm. Bu haqda heç bir məlumat toplamırıq, çünki əvvəlcədən üzvlərimizə demişik ki, kim özünü sınamaq fikrindədirsə, buyursun. REAL öz resurslarını başqa tərəflərə- partiya quruculuğu və parlament seçkilərinə hazırlığa yönəldir. Ona görə də təşkilat olaraq, bələdiyyə seçkilərində iştirak etmək istəyənlərə dəstək olası deyilik”.
“Bələdiyyə seçkilərində iştirakı parlament seçkilərinə bir hazırlıq kimi dəyərləndirmək olardımı” sualına cavabında E.Qədirli deyib ki, bələdiyyə seçkilərinə gedib-getməməklə bağlı müzakirələr aparılıb və yekunda seçkilərə getməyərək resursları yayındırmamaq qərarına gəlinib: “Təşkilat olaraq, daha çox partiya quruculuğu və parlament seçkilərinə hazırlaşırıq. Amma bələdiyyə seçkilərində üzvlərimiz sərbəstdirlər və iştirak edə bilərlər”.
BƏXTİYAR