26 Noyabr 2022 09:27
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə üzərində “Kalaşnikov” gəzdirən keçmiş məhkum tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində Eldəniz adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına məlumat daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də törətdiyi cinayətlərə görə ümumilikdə 4 dəfə məhkum olunmuş Eldəniz Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində daşıdığı sellofan torbadan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb. E.Əliyev ifadəsində silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq, polisə təhvil verməyərək özündə saxladığını bildirib.

İlkin araşdırma zamanı saxlanılan şəxsin silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com