Şəki şəhər-rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb.
Onun bu əməlləri vətəndaşların da haqlı narazılığına səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Şəhər sakini Cavidan Rəhimli idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə əsasən təhsil müəssisələrinin qarşısında intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.
Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Cavidan Rəhimli sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.