15 Dekabr 2014 15:48
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mustafa Hacıbəyli: “Cəbhəçilər deyirdilər ki, Müsavatın mitinqinə getməyin”

Müsavat Partiyasının funksioneri, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Müsavatın mitinqi barədə fikirlərini şərh edib.

“Cəbhəçilər açıq şəkildə mitinqin əleyhinə təbliğat aparırdılar”

M.Hacıbəyli F.Qəhrəmanlının “utanmağına dəyməz, çünki hər kəs Müsavatın mitinqində “adamsızlığı” görüb" fikirlərinə belə cavab verib: “Fuad Qəhrəmanlının bu mövqeyi məni təəssüfləndirdi və təəccübləndirdi. Mitinqdən əvvəl də AXCP-nin ayrı-ayrı funksionerləri açıq şəkildə mitinqin əleyhinə təbliğat aparırdılar. Mitinqdən sonra da bunun şahidi olduq. Onların açıqlamaları hakimiyyətin açıqlamalarına oxşayır. AXCP adlı təşkilatın bəzi funksionerləri Facebook-da təbliğat aparırdılar ki, Müsavatın mitinqinə getməyin. Belə şeylər etmək sadəcə, ayıbdır”.

“AXCP-nin də məhbus üzvləri var”

M.Hacıbəyli xatırladıb ki, Müsavat Partiyasının üzvləri Milli Şuranın təşkil etdiyi mitinqlərdə iştirak edib: “Həm təbliğat, həm də iştirak baxımından biz onlara xeyir-dua vermişdik. Mitinqdən sonra da mətbuatda bu mitinqi təqdir etdiyimi söyləmişdim. Biz mitinqdə seçki kampaniyası aparıb özümüzə səs istəməmişik, başqa bir tələb irəli sürməmişik. Məhz məhbusların azadlığına həsr olunan mitinq idi. AXCP-nin də məhbus üzvləri var. Mitinq keçirdik, kifayət qədər uğurlu alındı. Mübarizə sahəsində də ilin yekun akkordunu Müsavat vurdu. Bəzi bədxahların atəşi altında qalmasına baxmayaraq Müsavat sübut etdi ki, partiya ayaqdadır, vahiddir və mübarizə əzmindədir”.

“2015-ci il seçkilərinə birgə getməyə səy göstərəcəklər”

Onun fikrincə, cəbhəçilər Müsavata qarşı ittihamlar irəli sürsə də, yenə də seçkilər ərəfəsində birlik səylərinə başlayacaqlar: “Zamanında deyirdik ki, “Azadlıq” bloku seçki ilə bağlı yaradılıb və seçki üçün yaradılan koalisiyanın yaşadılmasına ehtiyac görmürük. Amma onlar 2005-ci ildən 2010-u ilədək “Azadlıq” blokunu təbliğ elədilər. 2010-cu ildə parlament seçkiləri ərəfindən qəflətən “Azadlıq” blokunu xətm elədilər və Müsavat Partiyası ilə seçkiyə bir yerdə getmək barədə qərar qəbul elədilər. Düşünürəm ki, qarşıdan 2015-ci il parlament seçkiləri gəlir. Artıq bir neçə ay sonra Müsavatla seçkiyə bir yerdə getmək istiqamətində səylərini göstərməyə başlayacaqlar. Birlikdən danışırlar, ictimai rəydə bununla siyasi dividend götürmək istəyirlər. Amma bütün əməmlləri birliyə qarşıdır. Müsavat Milli Şuradan çıxasa da, biz gedib Milli Şuranın mitinqində iştirak etmişdik. Müsavatın rəhbərləri mitinq meydanına əllərində plakatla getmişdilər. Birlik istəyənlər əməllə birlik edir, sözlə yox. Onlar isə nəinki mitinqimizə gəldilər, həm mitinqimizdən öncə, həm də sonra bizə qarşı təbliğat apardılar”.

“AXCP əsas rəqabəti Müsavatla aparır”

O əlavə edib ki, AXCP seçkilərarası dövrlərdə əsas rəqabəti Müsavatla aparır: “Seçki dövründə isə Müsavatın resurslarından, nüfuzundan istifadə etmək üçün partiyamızla birləşirlər. Artıq Facebook-da da bizə müttəfiq demirlər. Əslində qeyri-adi hadisə baş verməyib. AXCP-nin siyasi fəaliyyətinə nəzər yetirsək, bu, təkrarlanan xəttdir. Onlar 1995-ci ildən bu yana bütün seçkilərdə bu cür olub, növbəti seçkilərdə də görünür eyni xətt olacaq. Hər dəfə də biz onlara güzəştə getmişik, xüsusən 2010-cu ildə onlar 4 il yarım ərzində bizə qarşı təbliğat aparandan sonra da biz onlarla birgə koalisiyada seçkiyə getməyə razılıq verdik. Çünki ictimai rəy müxalifətin bir olmasını tələb edirdi. Biz də ictimai rəyi nəzərə aldıq, bunu sosial sifariş kimi qəbul elədik. Müsavata qarşı 4 il yarımlıq total təbliğatlarına rəğmən, onlarla birgə seçkiyə getməyə razılıq verdik. 2015-ci ildə də yenə ictimai rəyin və reallığın hesablamasını aparacağıq və ona uyğun qərar verəcəyik”.

Qeyd edək ki, Müsavat Partiyasının dekabrın 14-də keçirilən mitinqi barədə AXCP funksioneri Fuad Qəhrəmanlı kəskin sözlər deyib: “Bir mitinqin təşkilatçısı iştirakçıların sayını mediaya deməlidir, deməmək sayın azlığından utanmağı göstərmək üçündürsə, utanmağına dəyməz, çünki hər kəs “adamsızlığı” görüb. “Bunu etməyin”, “Milli Şuranı tərk etməyin” deyəndə biz haqlıydıq. Zamanında dediklərimiz sizə qarşı qərəzli olmağımızla bağlı deyildi, qərəzli olsaydıq, sizi uğursuzluğa götürən bu yoldan saxlamağa çalışmazdıq, yanlışlarınızı deməzdik. Ancaq yenə də düşünün, bu dəfə biz susuruq, cəmiyyətin sizə verdiyi 45 dəqiqəlik meydan dərsindən nəticə çıxarın, bu yol və gəldiyi yoldan sapmış yoldaşlar sizləri çox böyük bataqlığa sürükləyir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər