19 Dekabr 2014 17:38
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elman Nəsirli: “Bu yanaşma özündə qeyri-obyektiv mövqeni əks etdirir”

“Dəfələrlə şahidi olmuşuq ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edərkən Dağlıq Qarabağa Ermənistan ərazisindən keçməklə səfər edirlər. Bu məsələni həmsədrlər texniki məsələlərlə əlaqələndirirlər. Yəni bu addımın heç bir siyasi məna daşımadığını irəli sürürlər. Ancaq, nəzərə alınmalıdır ki, istənilən addımlarda müəyyən siyasi yük hər zaman qorunub saxlanılır”. Teleqraf.com-un məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının sədri, politoloq Elman Nəsirli deyib.

E.Nəsirli bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin davranışında dəfələrlə bunun şahidi olmuşuq. Onun fikrincə, bu yanaşma özündə qeyri-obyektiv mövqeni əks etdirir.

Politoloq qeyd edib ki, əslində onların bu əraziyə keçidləri Azərbaycan ərazisindən reallaşdırılmalıdır: “Çünki, bu o məna kəsb edər ki, gedilən ərazi Azərbaycan torpaqlarıdır. Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin nəticəsiz fəaliyyətində bu tendensiya geniş yayılıb. Həmsədrlər doğrudan da obyektiv, qərəzsiz, neytral mövqedə dayandıqlarını göstərmək istəyirlərsə, belə vəziyyətdə Dağlıq Qarabağa Azərbaycan ərazisindən yollanmalıdırlar”.

Komissiyanın katibi qeyd edib ki, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərin hər üçü tanıyıb: “Belə olan təqdirdə zəhmət çəkib bu əraziyə Azərbaycan ərazisindən keçib getməlidirlər. Hesab edirəm ki, bu düzgün məntiqdir. Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətində heç bir zaman düzgün məntiq olmayıb”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər