Bakı İstintaq Təcridxanasında intihara cəhd olub.
Teleqraf.com xəbər verir ki, intihara cəhd edən təqsirləndirilən şəxs Tural Alışanlı Bakı Ağır Cinayətlər Məhkəməsində barəsindəki cinayət işi üzrə məhkəmədə bildirib.
Tural Alışanlı məhkəmə prosesinə gətirilərkən boğazı sarğılı olub. O bildirib ki, təcridxanada boğazını kəsərək intihara cəhd edib. Təcridxana nəzarətçilərinin səyi nəticəsində intiharın qarşısı alınıb.
Qeyd edək ki, Tural Alışanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qarabağ döyüşlərində əlil olmuş şəxslərə evlərin tikintisi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı ildə keçirdiyi tenderin qalibi olmuş “TUA TT” MMC-nin faktiki rəhbəri Tural Alışanlının cinayət işi üzrə məhkəmə prosesi bu gün başa çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı ildə bağlanmış müqaviləyə əsasən 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Müəyyən edilib ki, Tural Alışanlı qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-cidə “Tua-TT” MMC yaradıb, öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib, nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilib.
Həmçinin, Tural Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq nazirlik vasitəsi ilə həmin cəmiyyətin hesabına köçürülən ümumilikdə 756 min manat (ƏDV ilə birlikdə 893 min manat) məbləğində pul vəsaitinin bir hissəsini müxtəlif rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə istifadə edib, qalan 190 min manat pul vəsaitini ayrı-ayrı şəxslərin bank hesablarına köçürüb şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə nazirliyə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Tural Alışanlının barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.