Qəbirlərin dağıdılması faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Bəzi sosial şəbəkə səhifələrində Bakı şəhərində yerləşən qəbiristanlıqlardan birində qəbirlərin dağıdılmasına dair videogörüntülər paylaşılıb.
Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində naməlum şəxs və ya şəxslərin Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların üzərindəki predmetlərin zədələnməsi, xatirə daşları və lövhələrin dağıdılması kimi rüsvayedici əməllərlə qəbirlər üzərində təhqiredici hərəkətlərin etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində intensiv tədbirlər davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
***
11.27
Paytaxtın Sabunçu rayonunda Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində naməlum şəxslər tərfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırma aparılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcək.