14 May 2023 17:10
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünən dəhşətli xəbəri eşidəndən hələ də anlamaqda çətinlik çəkirəm. İnsan övladı, öz doğmasının əmanətinə necə qıya bilər ki? Axı bu başsız qalmış, ömrü, həyatı puç olmuş qadınlar ilk növbədə ailə üzvlərinə, sonra cəmiyyətə, Vətənə, dövlətə əmanətdirlər. Şəhid adı müqəddəs dəyər daşıyır. Heç bir sərvətlə, maddiyyatla itirdiyimiz qəhrəmanları əvəz edə bilmərik. Lakin şəhidin əmanətini şəfqət, qayğı ilə əhatə edə bilərdik".

Teleqraf.com xəbər verir ki, bu barədə şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, mayın 13-də bir şəhid xanımı vəhşicəsinə, ailə üzvlərinin gözü qarşısında, köməksiz vəziyyətdə boğularaq öldürülüb: "Bu qəddar cinayət hamımıza qarşı baş verib. Şəhidin körpə övladını heç düşünürükmü? O, böyüdükcə bu faciənin təsirindən necə əzab çəkəcək? Böyük acı və təəssüf hissi bizi bürüyüb. Bu cinayət cəzasız qalmamalı, kimliyindən asılı olmayaraq, bir şəhid xanımına, anaya, qadına qarşı baş verən bu dəhşətə görə cavab verməlidir".

Sevinc Alızadə həmçinin bildirib ki, cəmiyyətimizdə bəziləri qadın cinayətlərində “mentalitet” axtarışına çıxır: "Lakin bu, sadəcə bilmədən, tanımadan günahkar axtarmağın ən asan yoludur. Heç bir səhv bir insanı yaşamaq hüququndan məhrum edəcək səviyyədə cəzalandırmağa haqq vermir. Cəmiyyətdə şəfqət, mərhəmət hissi yerini qəddarlığa, zorakılığa, şiddətə təslim edir. Biz heç nə edə bilmirik və ya gecikirik".

Qeyd edək ki, mayın 13-də Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1984-cü il təvəllüdlü Taleh Qurbanov qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürüb.

Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

Qeyd edək ki, Ləman Qurbanova şəhid Saleh Qurbanovun həyat yoldaşı olub.

Saleh Qurbanov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə savaşıb. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Saleh Qurbanov Prezident İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər