Daxili İşlər Nazirliyi istirahət günləri baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, mayın 20-də və 21-də ölkə ərazisində qeydə alınan 107, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 41, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 48, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşlarının mayın 20-də və 21-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 188 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 36,1 kiloqramdan artıq heroin, 115 kiloqrama yaxın marixuana, 1,5 kiloqramdan çox tiryək, 35 kiloqrama yaxın metamfetamin, həmçinin 5000 ədəd güclü təsiredici xassəyə malik həb və 234 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir